Meyiti tapılan neftçi Qarabağ qazisidir - FOTO
Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Neftçinin nəşi yaxın saatlarda vətənə gətiriləcək.
Daha öncə, Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana yol düşmüşdü.
43 yaşlı Sahib Şahmarov Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb; ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb. Buna bamayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. "Döyüşdə göstərdiyi şücaətə görə" müxtəlif mükafatlara layiq görülüb.
Milli.Az BBC-yə istinadən bildirir ki, onun 11 yaşlı Məhəmməd adlı oğlu və 10 yaşlı Məsumə adlı qızı var.
"10-cu platformaya onu yeni təyin etmişdilər. İlk dəfə idi ora gedirdi, amma heç getmək istəmirdi. Getməmişdən bir neçə gün əvvəl, durduğu yerdə təkrarlayıb deyirdi ki, mən şəhid olacam, mən şəhid olacam".
"Günəşli" neft yatağının 10-cu platformasında baş verən yanğından sonra itkin düşən neftçi Sahib Şahmarovun dediyi bu sözlərə həyat yoldaşı Könül, əvvəllər biganə yanaşdığını deyir. Amma indi Sahibin bu sözlərlə ona nə isə mesaj ötürmək istədiyini düşünür.
"Həmişə altının yarısında işə gedirdi. İki dəfə getdi, amma vertolyota çata bilmədi deyə, geri evə qayıtdı. Axırda səhər saat 4-dən durub getdi ki, bəs hər dəfə vertolyota çata bilmirəm", deyə itkinin qaynanası Şahnaz xanım kürəkənini sonuncu dəfə sağ gördüyü an haqqında danışır.
Səsini isə ailəsi sonuncu dəfə 3 dekabrda, telefonda eşidir: "Dekabrın 4-ü danışmadıq. Narahat deyildim, bilirdim ki, özü səhər tezdən durur namazını qılır, yeməyini yeyir, sonra işə başlayır. Həmin gün üstünü vurmadım. 5-i səhər tezdən, bir də gördüm whatsappda qızlardan biri status yazıb ki, bəs 10-cu platformada partlayış olub, yanğın var. Xilasedici qayıqlardan biri tapılıb, amma o birisi dağılıb. Telefon əlimdə duruxdum qaldım", - deyə Könül məlum hadisədən xəbər tutduğu anı BBC Azərbaycancaya təsvir edir.
42 yaşlı Sahib Şahmarov Qarabağ veteranıdır. Müharibə başlayanda könüllü cəbhəyə yollanıb. Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb; ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb. Buna bamayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. "Döyüşdə göstərdiyi şücaətə görə" müxtəlif mükafatlara layiq görülüb.
"Kontuziyası var idi deyə, evliliyimizin il dönümünü xatırlamırdı. Hətta nə mənim, nə uşaqların ad günü yadında qalırdı. Hər dəfə soruşurdu: "Könül, ad günün nə vaxtdır?" Deyirdim ad günüm çoxdan keçib. Hədiyyə də almırdı ki, utanıram. Həddindən çox utancaq idi", - Könül anları xatırlayarkən üzündə təbəssüm yaranır.
"Müharibə veteranı kimi qonşular arasında çox hörməti var idi. Bu xəbər gələndə qonşular onun üçün məsciddə hacət namazı qıldılar. Pis olsaydı, heç onu etməzdilər", - itkinin qayınanası Şahnaz xanım deyir.
"Bu hadisə baş verəndən rəsmilərdən cəmi bir dəfə Qaradağ rayonunun millət vəkili gəldi, sonra da İcra hakimiyyətindən gəldilər", - deyir itkinin qaynatası.
"İnsanı saymayanda bir qəribə olur. Burda bu boyda adam yoxa çıxıb. Uşaqları qalıb ortalıqda. Neft idarəsindən bu günə qədər adam görmədik. Vallah biz nə istəyirik. Ya adamın ölüsünü tapsınlar, ya da dirisini, biz də bilək. Bizə onun heç nəyi lazım deyil. Özü gəlsin çıxsın sağ salamat. İki balasına yazığı gəlsin", - itkinin qayanansı Şahnaz xanım demişdi
10 yaşlı qızı Məsumə və 11 yaşlı Məhəmməd atalarının yolunu gözləyir.
"Mən uşaqlardan gizlədirdim ki, bilməsinlər, özlər televizordan oxudular", Könül 11 yaşlı oğlu Məhəmməd və 10 yaşlı qızı Məsumədən danışır.
"Qızın adını özü qoymuşdu. Qızla yatırdı, qızla dururdu. Qapını da qız açırdı ona. Onunla nəfəs alırdı. Hər işə gedəndə paltarlarını qızı ilə yığırdı. Heç elə bil mən yoxam."






