Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sakinlər tərəfindən razılıqla qarşılanır
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən ən vacib dərman vasitələrinin qiyməti tənzimlənib. Tarif Şurasının “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” sosial qərarının əsas məqsədi əhalinin dərman vasitələrinə çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır.
Yeni satış qiymətləri sentyabrın 15-dən qüvvəyə minib. AZƏRTAC-ın müxbiri Ağdam rayonunda fəaliyyət göstərən apteklərdə Tarif Şurasının bu qərarının icrası ilə maraqlanıb. Quzanlı qəsəbəsində fəaliyyət göstərən “Zeytun” MMC-nin 2 saylı aptekinin əczaçısı Ceyhun Abdullayev bildirib ki, 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Nəticədə bu siyahıya daxil olan dərman vasitələrinin 20 faizinin qiyməti üç dəfədən çox, 40 faizdən çoxunun qiyməti isə iki dəfədən çox aşağı salınıb. Aptek lazım olan bütün dərman vasitələri ilə təmin olunub.
Prezident İlham Əliyevin hər bir vətəndaş, hər bir ailə üçün böyük əhəmiyyət daşıyan bu tapşırığı sakinlər tərəfindən razılıqla qarşılanıb. Rayon sakini Eldəniz Əliyev deyib: Dərman vasitələrinin qiymətinin aşağı salınması onu göstərir ki, dövlətimizin həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması və sağlamlığının qorunması dayanır.
Sakinlər əhalinin qayğısına qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Aysel






