QURUDULAN, DUZLANAN VƏ BATAQLIĞA ATILAN MUMİYALAR
Dünyanın müxtəlif yerlərində olan mədəniyyətlər ölülərini öz inanclarına, mövcud şəraitə
görə mühafizə etməyin yollarını tapıblar. Mumiyalar üzərində araşdırma aparan mütəxəssislər
mumiyanın kimə aid olması, yaşantısı, keçirdiyi xəstəlik və bu kimi bir çox məlumatlar
əldə edə biliblər.
Polşalı alimlər Qədim Misir mumiyaları haqqında daha geniş məlumat toplamaq üçün yeni bir
araşdırmaya başlayacaqlarını bildiriblər. Varşavada həyata keçirilən layihədə 42 mumiya üzərində
tədqiqat aparılacaq.
Tarixi qaynaqlardan da öyrəndiyimiz kimi, ölülərin mumiyalanması əsasən Misirdə həyata keçirilib.
Lakin araşdırmalar göstərir ki, bir çox xalqlar ölülərinin zərər görməməsi üçün üsullar tapıblar.
Bir çoxlarının ağlına gəlməsə də, İrlandiyada da ölülərin mumiyalandığı bir gerçəkdir. Belə ki,
bir neçə yüz il bundan əvvəl ölkədə bataqlıqlara atılan cəsədlər mühafizə olunaraq günümüzə
qədər gəlib çatıb. Bataqlıqda oksigenin az olması, cəsədləri yeyən bakteriyaların çoxalmasına
mane olur. Bu da onun yüz illər ərzində olduğu kimi qalmasına şərait yaradır. Sonuncu dəfə
İrlandiyada bataqlıq mumiyası 2011-ci ildə kəşf olunub. Ən qədim bataqlıq mumiyası isə 4
min yaşındadır. Bu, Misir fironu Tutanxamondan 500 il daha qədimdir.






