Görkəmli alim Cəlal Əliyevlə vida mərasimi keçiriləcək
Ömrünün 88-ci ilində vəfat edən görkəmli ictimai xadim, dünya şöhrətli
Azərbaycan alimi, əməkdar elm xadimi, "Şərəf" ordenli, AMEA-nın həqiqi
üzvü, biologiya elmləri doktoru, akademik Cəlal Əliyevlə vida mərasimi
bu gün keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə,
vida mərasimi bu gün saat 14:00-da AMEA-nın Əsas binasında keçiriləcək.
Mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan
olmuşdur. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və
Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri
Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd
Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü olub. Onlarca monoqrafiyanın, kitabın
və elmi məqalənin müəllifi idi.
1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant
işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik
elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1971-1990-cı illərdə
Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun
rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin
akademik-katibi olmuşdur.
Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvü idi.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, I-III çağırış Azərbaycan Respublikası
Milli Məclisinin deputatı olmuşdur. 2010-cu il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən
yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilmişdir.






