Mir Şahinin vaxtı - VİDEO
Əsas odur ki, belə bir film var və o film doğrudan da azərbaycanlı-erməni münaqişəsində Azərbaycanın tərəfində deyil. Mən münaqişə deyəndə iki xalqın mənəvi qarşıdurmasını nəzərdə tuturam. Orda ermənilərin öz gerçək keçmişini, əsl tarixini geri qaytarmaq üçün Azərbaycanla çarpışdığı görünür. Tarix erməni personajın öz oğlunun doğum haqqında şəhadətnaməsi timsalındadırsa, qarşı tərəf də oğulluğa götürdüyü ermənini öz əsl valideyninə - erməni ataya qaytarmağa məcbur olan Azərbaycandır. Ermənilərin zorla öz oğlunu Azərbaycandan tələb etməsi və filmin sonunda onu alıb aparmasını mən simvolizm janrında çəkildiyini sübut etməyə hazır olduğum bu filmin əsas məqsədi hesab edirəm. Bəli, ermənilər gəlib Azərbaycandan özününkü hesab etdiyini aparırlar. Müəllifin ermənilərə rəğbəti Rüstəm İbrahimbəyov etiraf etməsə də film boyu aydın görünür. Mən Rüstəm İbrahimbəyova zəng vurdum və onunla tam açıq danışdım. Düşünürəm ki, sizə də maraqlı olar.
Rüstəm müəllimlə çox danışa bilmədik, amma bu qısa dialoqda da görünür ki, filmin dərin mətləblər güdməsi sirr deyil. Rüstəm İbrahimbəyov Azərbaycanın tanınmış insanıdır. Artıq o vaxt idi ki, gərək o da Azərbaycanı tanıtsın. Amma təəssüf ki, o Azərbaycanı yox, Ermənistanı tanıdır. Ya da Azərbaycanı Azərbaycan onu tanıtdığı kimi tanıtmır, əsəbi, kinli, bir zənglə dövlət sərhədini belə açmağa hazır olan tapş dövləti kimi tanıdır.
Biz özümüz özümüzü aldadırıq, bu belədir, amma deyəsən biz həm də özümüzü aldatmağı sevirik. Əslində Rüstəmin ən yaxşı, belə desək müsbət azərbaycanlı obrazları belə həmişə harasıylasa yazıq olub. Biz yazıqlar ona inanıb etibar etmişik. Sonra gəlib görmüşük ki, yox e, lələ köçüb yurdu qalıb. Olan qalanımızı buraxıb oyuna. Əsəbiləşmişik, yaxasından tutmuşuq, söymüşük...
Və sonra yenə aldanmışıq...
Rüstəm İbrahimbəyovun çəkisində olan erməni tanınmışlar Şarl Aznavurlaşır, əlini Ermənistandan, Qarabağdan çəkmir. Pulu çatmayanda səsi, səsi yetməyəndə pulu ilə ermənilərə həyan olur. Azərbaycanın Rüstəm İbrahimbəyovu isə Kim Qardaşyan qədər də ola bilmir. Və ya Kim Qardaşyanın ombası Ermənistana daha çox işləyir. Nəinki Rüstəm İbrahimbəyovun başı Azərbaycana. Baxmayaraq ki, hər ikisi tanınmışdır.
Yaraşmırlar bir-birinə. Heç yaraşmırlar. Mən yaraşdırmıram.
Gərək görkəmli sənətkarımız özü də yaraşdırmasın. Baxıb görsün ki, kimdi axi kim, qardaşyan!
"Mir Şahinin vaxtl"na tam formatda videomaterialda baxa bilərsiniz






