Putinin təyyarələri Suriyanı bombalamağa başladı - VİDEO
Bu gün Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrdə Rusiya ordusunun əməliyyatlarda iştirakı üçün Federasiya Şurasına etdiyi müraciətə aldığı müsbət cavabdan sonra Suriyada olan RF HHQ-yə məxsus təyyarələr havaya qalxıb. Rusiyanın hava-kosmik qüvvələri Suriyada İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayıb.
Sfera.az xəbər verir ki, FaktXəbər-in Rusiya mediasına istinadən verdiyi məlumata görə, belə bir açıqlamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu verib.
Nazirin sözlərinə görə, Rusiya bombardmançı təyyarələri İŞİD-ə məxsus hərbi texnikaya, rabitə qovşaqlarına, nəqliyyat vasitələrinə, silah-sursat anbarlarına zərbələr endirir. S.Şoyqu Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqlərinin də bu əməliyyatlar barədə məlumatlandırıldığını sözlərinə əlavə edib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov isə bəyan edib ki, Rusiya aviasiyası İŞİD yaraqlılarının yerüstü hədəflərinə nöqtəvi zərbələr endirir.






