Hava limanlarında viza verilməsinə başlandı - Ödəniş haqqı nə qədərdir?
2018-ci ilin may ayından etibarən 15 ölkənin vətəndaşlarına hava limanında elektron qaydada viza verilişinə başlanılıb. Bundan əvvəl də aeroportda viza verilirdi, amma yeni sistemin fərqi ondan ibarətdir ki, insan amili tamamilə aradan qaldırılıb.
Sfera.az xəbər verir ki, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, bu gündən etibarən əcnəbi ölkə vətəndaşları hava limanında quraşdırılmış xüsusi terminallar vasitəsilə pasportlarının məlumatlarını daxil etməklə özləri maksimum iki dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcəklər.
"Biz maksimum çalışmışıq ki, proses tam şəffaf həyata keçirilsin. Terminaldan istifadə qaydasını bilməyən insanlara bizim buradakı əməkdaşlarımız kömək edəcəklər. Hazırda 14 terminal quraşdırılıb, bundan başqa bank pəncərəsi də fəaliyyət göstərir. Vətəndaşın istəyindən asılı olaraq ödənişi kart vasitəsilə və ya banka nağd şəkildə ödəmək mümkündür".
Gələcəkdə ASAN viza verilən ölkələrin sayının artırılmasına gəlincə isə Ü. Mehdiyev bildirib ki, bu, hökumətin qərarı ilə və ikitərəfli qarşılıqlı razılaşma ilə həyata keçirilir. Bu ölkələrin sayı artırılarsa, biz də avtomatik olaraq aeroportda viza verilməsini təmin edəcəyik.
Ü. Mehdiyev həmçinin bildirib ki, gələcəkdə Gəncə, Lənkəran, Qəbələ və digər hava limanlarında da növbəti bir ay ərzində sistemin tətbiqinə başlanılacaq.
ASAN Xidmət rəhbəri xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarına gələcəkdə bu xidmət vasitəsilə viza verilməsi məsələsinə də toxunub: "Biz bununla bağlı xarici ölkə səfirlikləri ilə danışıqlar aparırıq. Çünki bu bizdən asılı olan məsələ deyil. Amma bu barədə iş gedir".
Ü. Mehdiyev həmçinin qeyd edib ki, Yaponiya vətəndaşları üçün ödənişsiz, Türkiyə üçün 10, digər ölkələr üçün 20 dollar viza ödənişi müəyyən olunub.
...Sonra Doha-Bakı reysi ilə Azərbaycana gələn şəxslərə elektron vizalar verildi. ASAN Xidmətin rəhbəri hava limanına ilk daxil olan şəxsləri təbrik edərək onlara gül təqdim etdi. Qonaqlar yeni sistemdən çox məmnun olduqlarını bildirdilər.
Xatırladaq ki, 2017-ci ilin may ayından etibarən ASAN vizanın verilişinə başlanılıb və indiyə qədər 430 mindən çox şəxsə viza verilib.(virtualaz.org)






