Dövlət Komitəsinə yeni səlahiyyətlər verildi
Dini Qurumlar iş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verilib.
Sfera.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, "Dini etiqad azadlığı haqqında" qanuna əsasən Komitə bundan sonra nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq yoxlamalar aparır. Eyni zamanda qurum din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görür, ixtisasartırma kurslarını təşkil edir.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda bu gün iki dini təşkialt var ki, onlar siyasi açıqlamalar verir: “Dini təşkilatlardan ikisi qeyd edir ki, seçkiləri boykot edəcəyik. Bunlar QHT-lərdir və onların nizamnaməsində siyasi məsələlər müdaxiləsi qanunla qadağandır. Bununla bağlı qanuna əlavə və dəyişiklik edilsin ki, belə siyasi çıxışlar edən dini təşkilatların fəaliyyəti dayandırılsın. Belə insanlar dini cəmiyyətlər təşkialtlar adından çıxış edir, burada dini fəaliyyətdən çox siyasi fəaliyyətlə məşğuldur. Dini komitəyə səlahiyyət verək ki, bunlar barəsində ölçü götürülsün və fəaliyyəti dayandırılsın”.






