Sürüşmə avtovağzala doğru irəliləyir
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə, çökmə ərazisinin əhatə dairəsi genişlənib.
Sfera.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib. Onun sözlərinə görə, hazırda həmin ərazidə sürüşmə, çökmə aktiv fazadadır: “Orada vəziyyət daha da pisləşib, çatlarda müəyyən qədər genişlənmə olub. Oturma daha da intensivləşib. Istinad divarı bir qədər də avtovağzal tərəfə irəliləyib”.
Ə.Piriyev qeyd edib ki, ərazidə aktivləşmə yağış və suvarılma sularının təsirindən baş verıb: “İstinad divarının arxasında tökmə torpaqdır. Orda suvarılma və yağışların təsiri nəticəsində torpaqlarda doyma prosesi baş verib. Müəyyən qədər torpaq dayanıqlığını itirib və avtovağzal tərəfə hərəkət edib. Orda diamemtri böyük olan borularla intensiv olaraq, selləmə suvarılma işləri aparılırdı. Yağışlar da bu sularla birləşəndə bu, bütün sahələrdə çökmə, oturma prosesini daha da artırıb, intensivləşdib. Orda torpaq dayanıqlığını itirdiyindən müəyyən qədər avtovağzal tərəfə irəliləyib”.
Hazırda ərazidə istinad divarının irəliləməsinin qarşısının alınması üçün bərkidilmə işlərinin aparıldığnı deyən Ə.Piriyevin sözlərinə görə, həmin ərazi yeni tikilən metro stansiyası, Bakı-Sumqayıt yolu üçün problem yaratmır və gələcəkdə də problemin yaranacağı gözlənilmir: “Artıq ərazidə selləmə suvarılmanın qarşısı alınır. Onda da ərazidə heç bir təhlükə olmayacaq. Ordakı yaşıllığı da məhv etmək olmaz, amma sulamanı öz həddində aparmaq lazımdır”.Ə.Piriyev qeyd edib ki, hazırda yalnız Bakın Zığ sürüşmə sahəsində nisbətən aktivləşmə var. Ümumilikdə isə ölkə üzrə sürüşmə sahələrində sakitlikdir.