Yazıq o ana-bacılara ki, sizin kimi “kişiləri” var…
Media eksperti Azər Həsrət "Yeni Müsavat”ın Facebook üzərindən təşkil etdiyi və özünün də iştirak etdiyi müzakirə haqqında yazıb.
Sfera.az Azər Həsrətin fikirlərini təqdim edir:
Aprelin 16-da "Yeni Müsavat”ın Facebook üzərindən təşkil etdiyi müzakirəyə qatıldım. Qarşı tərəf olaraq ictimai-siyasi fəal Bəxtiyar Hacıyevi dəvət etmişdilər. Müzakirə mövzusu 11 aprel seçkisinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun verdiyi ilkin qiymət idi.
Müzakirənin aparıcısı Sevinc Telmanqızı zəng edib ikinci iştirakçının Bəxtiyar Hacıyev olacağını deyəndə cavabım bu olmuşdu ki, "fərq etməz, kiminlə arzu etsəniz onunla da efirə çıxa bilərəm”. O da öz növbəsində "bilirəm ki, sizin belə probleminiz yoxdur, amma yenə də deməyi özümə borc bildim” cavabını verdi.
Efirə çıxdıq. Müzakirə açıldı. Bəxtiyar Hacıyev MSK-nın saytından çap etdiyini dediyi kağızları arqument olaraq təqdim elədi, şübhəli rəqəmlərə aydınlıq gətirilməsini istədi. Bildiyimi, gördüyümü və anladığımı deyərək cavab verdim. Əlavə olaraq qeyd etdim ki, mən onun ünvanlayacağı bütün suallara cavab verəcək şəxs deyiləm. Təbii ki, öz mövqeyimi tutarlı şəkildə ifadə də etdim.
Ümumilikdə bir saatdan artıq davam edən müzakirə dinamik keçdi, tərəflər olaraq bir-birimizə yetərincə təmkinli və mədəni yanaşdıq. Yəni bunun özü şəxsən məni xeyli məmnun etdi ki, fikirləri bir-birinə qarşı radikal şəkildə fərqlənən iki insan normal dildə müzakirə apara bilir.
Amma və lakin…
Amma və lakin bizim bu müzakirənin canlı yayımının altında şərh yazanların böyük əksəriyyəti ədəb və əxlaq çərçivəsini aşdıqca aşdı. Buna çox üzüldüm. Əsasən də mənim ünvanıma dilə gətirilməsi mümkün olmayan ifadələrə yer verənlər oldu. Bəzilərini sonradan araşdırdım: İrançılar, cəbhəçilər, müsavatçılar, Rusiyaçılar, Qərbçilər çıxdı. Yaxud da saxta adlar altında gizlənib etdilər bunu. Aralarında normal dildə ünvanıma tənqid yazanlar, sual verənlər də vardı. Çox təəssüf ki, onların söyüş söyənləri tərbiyəyə dəvət etdiklərinin şahidi olmadım. Halbuki əgər doğrudan da bu adamlar müxalifdirsə, gərək mübarizəni söyüş müstəvisinə çəkənlərə də yol göstərələr ki, özləri də bu ayıba bulaşmasınlar.
Bütün bunları gördükdən sonra bir daha bu qənaətə gəldim: Azərbaycanda bir kəsim var ki, onlarla ancaq zopa dilində danışmaq lazımdır! Bunların dərdi heç də normal cəmiyyət qurmaq deyil! Bunların başından dəyənək əskik olmamalıdır ki, fərqli düşünsə belə qarşılarındakına bizim kimi sayğılı yanaşmağa məcbur olsunlar. Biz bunları mümkün qədər ədəbə, əxlaqa dəvət etdik, etməyə də davam edirik. Amma bunlar inadkarlıqla öz bildiklərini edir – normal, tərbiyəli müzakirədən qaçır, küçə söyüşləri ilə özlərini ifadə edirlər.
Qınamıram belələrini. Çünki bunlar dünyaya gözlərini açanda yəqin ki, analarından, atalarından əxlaqsızlıq görüb, söyüş eşidiblər ki, belə də yetişiblər. Görünür, bu sürü təfəkkürlü varlıqların ailələrində anaları, bacıları, arvadları, qızları küçə səviyyəsindədir ki, başqalarını da elə görürlər. Bunlar tərbiyəsi mümkün olmayan kateqoriyadandır və onlara heç bir halda azadlıq verilə bilməz! Verilməməlidir də!
Dediyim kimi, bu ünsürləri ancaq zopa altında tutmaq lazımdır. Əks təqdirdə bunlar bütünlükdə cəmiyyəti öz əxlaqsızlıqlarının girdabına yuvarladarlar.
Və bunların arxasında gizlənib müxalifətçilik edənlərədir sözüm: budurmu sizin söykəndiyiniz kəsim? Budurmu sizin bəyənmədiyiniz hakimiyyətə qarşı səfərbər etdiyiniz "ordu”? Niyə bu günlərə qaldınız? Nədir, zəkanızın yetməməsini bununla kompensasiya etmək istəyirsiniz?
Siz tükənmisiniz artıq. Sizin zəkanız yıpranıb. Arqumentsizsiniz. Rəqiblərə qarşı ədəb və əxlaq çərçivəsində mübarizə apara bilmirsiniz. Küçə səviyyəsindən də aşağı enmisiniz. Bədbəxtsiniz. Aşağılıq kompleksi sizi məhv edib. Özünüzü daim aşağıda hiss edirsiniz, ona görə də bir balaca yuxarıda kimisə görsəniz, gücünüz söyüşə çatır.
Və unudursunuz. Unudursunuz ki, söyüş hər şeydən əvvəl çıxdığı ağzı bulaşdırar. Düşünürsünüz ki, söyüşlərinizi bizə ünvanlamaqla bizi aşağılayırsınız. Amma anlamırsınız ki, söyüşün iki başı olur. Söyənə on qatı, yüz qatı qayıdır söyüşün.
Davam edin. Elə belə də qalın. Zatən sizin üçün analarınızın, bacılarınızın, həyat yoldaşlarınızın, qızlarınızın qara qəpik qədər də dəyəri yoxdur. Dəyəri olsaydı, başqalarının xanımları haqqında belə tərbiyəsizlik etməzdiniz.
Siz heç. Sadəcə sizin kimi oğlu, qardaşı, atası, həyat yoldaşı olan analara, bacılara, qızlara və xanımlara acıyıram. Siz əgər ictimaiyyət önündə bu qədər tərbiyəsiz və əxlaqsız davranmağı normaya çevirmisinizsə, indi öz ailənizin içində nələr edirsiniz, kim bilir? Yəqin sizin ana-bacılarınızın, qız-gəlinlərinizin alışdığı sözlərdir sosial media üzərindən başqalarına ünvanladığınızı düşündükləriniz. Yazıq o qız-gəlinə, ana-bacıya ki, sizin kimi "kişiləri” var. Onları hər gün hər yerdə söydürən, təhqir etdirən "kişiləri”…
Sfera.az






