Mehriban Zeynalova: “Ailə quranlar arasında 40-50 yaş fərqi…”
Erkən nikahlarla bağlı rəsmi statistika açıqlamaq çətin olsa da, qeyri-qanuni nikahdan doğulan körpələrin sayına nəzər yetirməklə bu rəqəmin heç də az olmadığını deyə bilərik. Qeyri-qanuni nikahdan doğulan körpələrin bir qismi məhz erkən nikahlardan dünyaya gəlib.
2017-ci ildə açıqlanan rəqəmlərə görə, Azərbaycanda son 4 ildə ilk dəfə olaraq, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı yenidən ən yüksək səviyyəyə çatıb. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2012-ci ildə 27 031 uşaq dünyaya gətirilib. Lakin 2013-cü ildən başlayaraq, bu say azalmağa dorğu dəyişib. Belə ki, rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2013-cü ildə 25 069, 2014-cü ildə 25 486, 2015-ci ildə 24 038, 2016-cı ildə 26 288 uşaq doğulub. Rəsmi qeydiyyata alınmamış nikahda doğulan uşaqların sayı ölkədə diri doğulanların ümumi sayına olan nisbətdə də artıb. 2013-cü ildə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayının ölkədə diri doğulanların ümumi sayına olan nisbəti 14,5 faiz olduğu halda, 2016-cı ildə bu rəqəm 16,5 faiz olub.
Azərbaycanda erkən nikah problemi hələ də qalmaqdadır.
"Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova Sfera.az-a açıqlamasında bu haqda danışıb.

O bildirib ki, son illərdə erkən nikahların sayında artım müşahidə olunmayıb:
"Lakin bu problem hələ də var. Bölgələr üzrə təsnifləşdrimədən deyə bilərik ki, bu gün bütün rayonlarda erkən nikah problemi var. Aran bölgəsində, o cümlədən Saatlı, Sabirabad, Gəncədə və Bakının bəzi kəndlərində bu problem hələ də qalmaqdadır. Bu problem cinayət məsuliyyəti yaratdığı üçün müəyyən mənada bu cür arzuolunmaz halların qarşısı alınıb”.
M.Zeynalova bildirib ki, problemi köklü həll etmək üçün lokal mübarizədən qaçmaq lazımdır:
"Eyni strategiya ilə bütün bölgələrdə tədbirlər görmək lazımdır. Problemi lokallaşdırmaq onu diqqətdən yayındırmaqdır. Bir ara cənub bölgəsi əsas hədəf olaraq seçilmişdi. Lakin sonradan məlum oldu ki, Gəncədə də erkən nikah problemi var”.
M.Zeynalovanın sözlərinə görə, son illər aparılan müşahidələrə əsasən demək olar ki, ən erkən nikah yaşı 15-16 olub:
"Ola bilsin ki, 13-14 qızı nişanlayıblar. Bəzi hallarda eşqmacərası yaşayaraq könüllü qaçan azyaşlılar olur. Bir var könüllü münasibət, bir də var ki, məcburi münasibət. Qoşulub qaçanlar daha çox yaşıdları ilə münasibət yaşayırlar. Məcburi münasibətə daxil edilənlər arasında yaş fərqi 7-15 olur. Şəxsi müşahidələrimə əsasən belə deyə bilərəm. Lakin sosial şəbəkəyə nəzər yetirdikdə bəzi hallarda 40-50 yaş fərqi olduğu da qeyd olunur”.
O bildirib ki, çox vaxt valideynlər övladlarını qorumaq, gələcəyini təmin etmək məqsədi ilə onların tez ailə qurmasını istəyirlər:
"Lakin təəssüflər olsun ki, sonradan çətinliyə düşən bu qızların ailəsi tərəfindən qorunmadığını görürük”.
Nigar Məhərrəm
Sfera.az






