Dəyanət Rzayevin oğlu atasından yazdı: "Ölməyin yox olmamaq olduğunu göstərdin"
2017-ci ilin yanvar ayında intihar edən tanınmış psixoloq Dəyanət Rzayevin oğlu "Facebook” sosial şəbəkəsində atası haqqında yazıb.
Sfera.az bildirir ki, dərdli oğul atasının ardından bunları yazıb:
"İndi sənin haqqında danışmaq uşaqlıqdakı uzaqlıq qədər əlçatmazdır mənə. Səni orda - "mən uşaqlıqdanam” dediyin yerdə axtarıram. Mən ölüb o dünyaya yox, mən kiçilib o beşiyə sığmaq istəyirəm. Məsələn, demək istəyirəm ki, böyüdüm, gördüm, atıldım, adadıldım, itirdim, bu qədər insanın dünyaya sığmadığını, sığa bilmədiyini gördüm. İnsanların 1+1 kəlməsindən daha asan dediyi yalanlar o qədər böyüdü ki... Nə səni böyüməyə qoydular, nə də yaşamağa. Sən qaçıb uşaq olduqca daha çox danladılar səni.Çünki, hər şeyi bilən sən bir şeyi bilmədin ki, insan ən çox yaxşılıq etdiklərindən qorxmalıdır.Sən qorxusuz deyildin.Sən nəfəs alan hər canlının canını yandıqmaqdan qorxacaq qədər qorxusuz deyildin. Kövrək idin. Sən layiq olduğun o zirvəyə yüzlərlə həmkarını qaldırdın. Sən ucaldıqca, ucaltdın. Çox şey öyrətdin. Amma, hər şeyə rəğmən ölməyin yox olmamaq olduğunu göstərdin".
Qeyd edək ki, Dəyanət Rzayevin oğlu Türkiyədə təhsil alır.
Şükufə Süleymanlı
Sfera.az






