"Bəzi alimlərimiz elmi mənliklərini dollara satıb"
"Qlobal istiləşmə gözlənilmir. Belə bir fikrin ortaya atılması Amerika və qərb dövlətlərinin apardığı informasiya siyasətinin bir tərkib hissəsidir. Təbiətin qaydası belədir ki, havalar gah isinir, gah da soyuyur. Tədricən də havaların soyuması prosesi gedir. Bu il qar yağmasa da, havalar çox soyuq keçdi. Bu səbəbdən də yaz isti keçir. Yayda hava şəraiti ya quraq keçəcək, ya da ki, yağış yağacaq, sərin keçəcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. Onun sözlərinə görə, hazırda havada maqnit müşahidə edilmir. Baş ağrılarının olmasının səbəbi isə başqadır:
"Hərdən başınızı qaldırıb göyə baxsaz, təyyarə uçduqdan sonra səmada bir iz görə bilərsiz. Bu iz süni surətdə buludlar yaradır. Beləcə süni şəkildə zəhər, maqnit dalğaları yaradırlar. Bu səbəbdən də baş ağrıları müşahidə edilir”.
T.Zeynalovun sözlərinə görə, son zamanlar Günəşdə soyuma prosesi gedir ki, bu zaman da heç bir maqnit qasırğası müşahidə edilə bilməz.
T.Zeynalov bəzi alimlərin bu cür məlumatları gizlətdiklərini də deyib:
"Təəssüflər olsun ki, bu gün bəzi alimlərimiz elmi mənliklərini dollara satıb. Ötən ilin avqustunda Gürcüstanda olanda bizim bir nümayəndəmiz su problemi ilə bağlı çıxışında bildirmişdi ki, Mingəçevir su anbarını dağıtmaq lazımdır. Belə alimlərimiz də var".
Nigar Məhərrəm
Sfera.az






