Logo

Cəlal Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalandı

Cəlal Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan prezidenti, dövlət rəsmiləri və elm xadimləri Cəlal Əliyevin vəfatı ilə

əlaqədar nekroloq imzalayıblar.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, nekroloqda deyilir:

"Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli alim, tanınmış ictimai xadim,

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya

elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev 2016-cı il fevralın 1-də ömrünün 88-ci ilində

vəfat etmişdir.

Cəlal Əliyev 1928-ci il iyun ayının 30-da Naxçıvan şəhərində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra o, 1942-1944-cü illərdə Naxçıvan Müəllimlər İnstitutunun

təbiətşünaslıq-coğrafiya fakültəsində oxumuş, 1946-1951-ci illərdə isə Azərbaycan Dövlət

Universitetinin biologiya fakültəsində ali təhsil almışdır. Cəlal Əliyev 1951-1954-cü illərdə

bitki fiziologiyası ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində kiçik elmi işçi

kimi başlayan Cəlal Əliyev burada böyük elmi işçi və laboratoriya müdiri, 1962-ci ildən

ömrünün sonunadək şöbə müdiri vəzifələrini tutmuşdur. O, eyni zamanda, Azərbaycan

Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və

laboratoriya müdiri işləmiş, 1990-cı ildən məhsuldarlıq prosesinin molekulyar-genetik

əsasları şöbəsinə rəhbərlik etmişdir. Alim 1981-1990-cı illərdə Azərbaycan Elmlər

Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi olmuşdur.

Cəlal Əliyev bitki fiziologiyası ixtisası üzrə 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq

dissertasiyalarını müdafiə etmişdir. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının

müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada

elmin inkişafına sanballı töhfələr vermişdir. Onun tədqiqatları ölkədə yeni istiqamətlər

müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə

xidmət etmişdir.

Öz məktəbini formalaşdırmış alimin yaradıcılığının əhəmiyyətli qismi taxılçılığın inkişafına

yönəlmişdir. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə

həyata keçirilməsi ilə Cəlal Əliyev yüksək məhsuldarlığa malik qiymətli sortlar yaratmışdır.

Alimin rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı

mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanmışdır.

Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin

Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların,

eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib

hazırlanmasında mühüm xidmətləri vardır. Cəlal Əliyevin inkişaf etdirdiyi elmi

istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının

çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar

fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilmişdir.

Akademik Cəlal Əliyevin elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı

tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin

həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunmuş

və müasir kadr potensialı formalaşdırılmışdır. Alimin rəhbərliyi ilə 100-ə yaxın fəlsəfə

doktoru və elmlər doktoru hazırlanmışdır. Cəlal Əliyevin yetirmələri ölkəmizin və

dünyanın aparıcı elm mərkəzlərində və universitetlərdə bu gün də uğurla çalışırlar.

Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunmuş

600-dən artıq elmi əsərdə, o cümlədən onlarla monoqrafiya və kitabda öz əksini

tapmışdır. Müxtəlif ixtiralara görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin

məhsuludur. Cəlal Əliyev bir sıra beynəlxalq elmi qurumların, o cümlədən xarici

ölkələrin kənd təsərrüfatı akademiyalarının, nüfuzlu elmi şuraların üzvü kimi təqdirəlayiq

fəaliyyət göstərmişdir. O, iştirakçısı olduğu mötəbər simpozium, konqres və

forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü

məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin

axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə o, əsl vətəndaş mövqeyi

tutmuş, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr vermişdir. Cəlal Əliyevin

1995-2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli

Məclisi ilə bağlı olmuşdur.

Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar almış,

xarici ölkələr tərəfindən təltif edilmişdir. Onun Azərbaycanda elmin inkişafı sahəsində

çoxillik zəngin və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. Alim müstəqil

Azərbaycan Respublikasının ali təltiflərindən "İstiqlal", "Şərəf" ordenlərinə və müxtəlif

fəxri adlara layiq görülmüşdür.

Görkəmli alim və tanınmış ictimai xadim Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsi

Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Vasif Talıbov

Elçin Əfəndiyev

İsmət Abasov

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Heydər Əsədov

Akif Əlizadə

Əhliman Əmiraslanov

İsa Həbibbəyli

İbrahim Quliyev

Tofiq Nağıyev

İsmayıl Hacıyev

Siddiqə Məmmədova

Ədilə Namazova

Böyükkişi Ağayev

Məhərrəm Babayev

Validə Əlizadə".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR