Logo

Üç əzizini bir gecədə itirən şəhid anası: “Nə bilim ki, son ad günü imiş...”

Üç əzizini bir gecədə itirən şəhid anası: “Nə bilim ki, son ad günü imiş...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün aprel şəhidlərinin ildönümüdür. Aprel şəhidi Fəxrəddin Qurbanlının anası Həmizə Qurbanlı göz yaşlarında boğularaq şəhid övladının son xatirələrindən danışıb.

"Murovdağa gedəcəyəm"

"Onun haqqında o qədər danışa bilərəm ki... Bilmirəm hardan başlayım... Əsgər gedən vaxtı idi, gözümdən uzaqlaşacaq deyə narahat idim. Özü deyirdi ki, mən Murovdağa gedəcəyəm. Deyirdi ixtisasım elədir ki, işləmək üçün hərbi xidmət önəmli deyil, amma mən mütləq hərbi xidmətə getməliyəm. Deyirdi ki, bu mənim vətən borcumdur. Universitetə qəbul olanda istəyirdi ki, əvvəl hərbi xidmətə getsin, sonra ali təhsil alsın".

Anası deyir ki, oğlu ilk növbədə karyerasını quraraq uğur qazanmağı planlaşdırırdı. Evliliyə isə daha vacib və məsuliyyətli iş kimi yanaşırdı:

"Universiteti bitirərək ailə həyatı qurmağı düşünmürdü. İstəyirdi ki, karyerasnı möhkəmləndirsin. Mənim səhhətimlə əlaqədar olaraq qohum-əqrəba dedi ki, gəl səni tez evləndirək, anaya kömək olasan. Dedi ki, yox. Mənə səbəbini izah etdi ki, evlənmək elə-belə iş deyil. Deyirdi ki, evlənmək ağac deyil ki, dibinə su tökəsən böyüyə, onlar məni başa düşmür”.

Son ad günü

"Yanvarın 10-19-da məzuniyyətdə oldu. Bizə sürpriz edəcəyini demişdi. İlk olaraq atasının iş yerinə baş çəkib sonra evə gəlmişdi. Məni "Ürəyim", deyə səsləyərdi. O sözü eşidəndə bütün dünya mənim olmuşdu. Bu bizim son görüşümüz idi... Bilmədim ki, o 10 gün necə gəldi keçdi. Bilməzdim ki, bu balamın son ad günü imiş...”.

Tələsik telefon danışığı

"Son danışığımız aprelin 1-də axşam saatlarında, təxminən 20:00 radələrində idi. Özü xəbər etdi ki, ona zəng edək. Özü heç zaman üstündə telefon gəzdirmirdi. Deyirdim ki, telefon götür, mən də istəyəndə zəng edib səsini eşidib. Deyirdi ki, icazə verilmirsə, olmaz. Zəngimə cavab verən kimi, yenə "ürəyim", deyə mənə səsləndi. Dedim ki, can ürəyim. Deyirdi ki, nə var ki, iki ay qalıb. Papağını fırladacaqsan, o iki ay da bitəcək. Zəng edəndə soruşdu ki, "mama” necəsən, gözlərin, təzyiqin necədir? Dedim imkan ver, mən də səndən hal-əhval tutum. Dedi ki, tələsirəm, növbəyə gedəcəm. Dedim nə növbə? Beləcə rabitəmiz kəsildi. Son sözü o oldu. O mənə vəziyyətin gərgin olduğunu bildirməmişdi. Atası da hər ay yanına gedirdi, ona da heç nə bildirməmişdi. Ayın 2-sindən televiziyada müxtəlif xəbərləri eşitdik. Ürəyim çox narahat idi, oğlumla d danışmışdım, amma yenə də özümə rahatlıq tapa bilmirdim. Belə bir hadisənin baş verəcəyini də gözləmirdim. Göydə helikopterləri görəndə daha da həyəcanlanırdım ki, nəsə olub. Yoldaşım deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq. Ayın 8-ə keçən gecə 04:00 radələrində oğlumun şəhid olduğunu öyrəndim”.

Qapılara qırmızı lent bağlandı

"Ayın 9-da qardaşımın ilk övladının - qızının toyu olacaqdı. Bu xəbəri eşidəndə qardaşım elə yerindəcə keçindi. Bu xəbəri eşitməzdən öncə deyirdi ki, durun ay uşaqlar qapılara qırmızı lent bağlayın, sabah toydu, Fəxrəddini gətiririk. 15 dəqiqə sonra o biri qardaşıma zəng edib, zəng çatmayıb. Başa düşüb ki, nə olub. Onda deyib ki, gedin qırmızıları açın. Fəxrəddini gətirirlər.  Bunu deyib keçinib. Balam, qardaşım Malik Mustafayev, əmim nəvəsi Mahir Mirzəyev bir gündə məni beləcə sarsıtdılar. Əmim nəvəsi ilə təsadüfən bir yerə düşmüşdülər. Elə hərbi xidmətə də bir gündə gedib, bir gündə də cəsədlərini belə gətirdilər. Səhhətimlə  əlaqədar olaraq heç kəs  bu xəbəri verə bilməmişdi. Lakin mən artıq evdə baş verən hadisələrdən nə olduğunu başa düşdüm. Evin boşalması, bu mərasimlə bağlı görülən tədbirlər artıq bir işarə idi...”.

Ən ağır gün

Qeyd edək ki, 45 yaşlı ana gözündən əməliyyat olunub, təzyiqdən əziyyət çəkir. O bu günün ona yenidən 2016-cı ildə baş verən hadisələri xatırlatdığını deyir:

"Bu gün mənim üçün ağır gündü, həmin günü yenidən yaşadım”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR