"Bakıkart"la bağlı YENİ XƏBƏR
Bütün avtobuslar ötən ilin sonunda "Bakıkart"a keçməli idi. Ancaq niyəsə bu proses uzandı.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sfera.az-a açıqlamasında bu istiqamətdə işlərin hələlik yekunlaşmadığını bildirib:
"Avtobusların "Bakıkart"a keçməsi uzun və çətin prosesdir. Hələlik, bu istiqamətdə işlər davam edir”.
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası qanununun tələbinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulduğunu xatırladan Mais Ağayev bu istiqamətdə daxil olan müraciətlərdən də danışıb.
O, bildirib ki, hələlik heç bir sürücü siqaretə görə cərimələnməyib:
"Öncələr də müraciətlər daxil olsa da, bu kütləvi hal almırdı. Bu vaxtadək heç bir sürücü siqaret çəkdiyi üçün cərimə olunmayıb. Çünki cəza tədbiri ilə bağlı məsələ hələlik ki, qanunvericiliklə tənzimlənmir. Qanun qüvvəyə minməzdən öncə də şikayətlər daxil olurdu. Qanun qüvvəyə mindikdən sonra da daşıyıcılara bu məsələdə diqqətli olmağı tapşırmışıq. Onlar tərəfindən sürücülərə sükan arxasında siqaret çəkməmək tapşırılıb. Bakı Nəqliyyat Agentliyi cərimələyən qurum deyil. Biz sərnişinin şikayəti ilə əlaqədar olaraq daşıyıcıya tapşırıq veririk ki, zəruri tədbirlər görsün”.
M.Ağayev bildirib ki, eyni sürücü ilə bağlı dəfələrlə şikayətlər daxil olduqda bu zaman daha sərt tədbirlər görülür.
Nigar Məhərrəm
Sfera.az






