"Elşad Mirinin islama yanaşması lağlağıdır" - Vüsal Məmmədov
İlahiyyatçı Elşad Miri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsini məhkəməyə verib. Səbəb isə ilahiyyatçının "İslamda yoxdur" adlı kitabına qadağa qoyulmasıdır.
"İslamda yoxdur!” kitabı "İslamda sehr yoxdur”, "İslamda siğə yoxdur”, "İslamda huri yoxdur”, "İslamda azyaşlıların evləndirilməsi yoxdur”, "İslamda seyidlik yoxdur”, "İslamda ölüyə Quran oxumaq yoxdur”, "İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.
Din və ateizmlə bağlı maraqlı açıqlamaları ilə yadda qalan Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov Sfera.az-a açıqlamasında komitənin mövqeyini müdafiə edib:
"Bu məsələdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tamamilə haqlıdır. Onun missiyası Azərbaycanda dini sabitliyi və ölkə üçün unikal olan milli İslam Modelini qorumaqdır, Komitə də bunu edir. Elşad Mirinin İslama yanaşması çox qeyri-ciddi, hətta deyərdim ki, lağlağıdır və bu fikirlərin kitab halında rəsmiləşməsi ölkədə yüz minlərlə insanın dini hisslərinə toxuna bilər. Məsələn, sıravi azərbaycanlının dini inancında pirlər çox mühüm yer tutur, amma Elşad iddia edir ki, İslamda pir yoxdur. Necə yəni, yoxdur? Onda Gəncədəki İmamzadə, Şüvəlandakı Mir Mövsüm ağa pirlərini nə edək? Ölkədə olan yüzlərlə digər piri nə deyə qələmə verək?
Yaxud deyir ki, İslamda ölüyə Quran oxunması yoxdur. Tamam, amma bu xalqın bəlli bir dəfn ritualı var axı. Əgər Quran oxunması yoxdursa, bəs nə etsinlər, yas məclisində "Qabusnamə” oxusunlar?! Pirlərə inam, eləcə də, Elşadın "İslamda yoxdur” dediyi onlarla digər məsələ əsrlərdir ki, azərbaycanlı müsəlmanın inancında mərkəzi yerləri tutublar. Və ən əsası, təkcə bizim yox, bütün müsəlman xalqlarının – çünki onların əksəriyyəti həqiqətən də İslamda var! Bunu asanlıqla sübut etmək olar. Amma bu gün kiminsə tapşırığı ilə ölkədə fərqli islam modelini yaymaqla məşğul olan bir yoldaş başını qaldırıb deyir ki, yox, siz əsrlərdir ki, dininizi səhv bilirsiniz, bundan sonra mən deyənə inanmalısınız. Təbii ki, bu, insanların dini hisslərinə çox ağır şəkildə toxunacaq, amma əsas məsələ heç bu da deyil. Hissləri kənara qoyub, ölkənin dini təhlükəsizlik məsələsinə baxaq. Niyə bir azərbaycanlı öz dininə ölkənin rəsmi dini qurumlarının dediyi kimi yox, xaricdəki mərkəzlərdən təlimat alan "ilahiyyatçıların” dediyi şəkildə etiqad etməlidir? Bunun sonrası nə olacaq? O olacaq ki, yerli müsəlmanların fikri "islamda o yoxdur, islamda bu yoxdur, ümumiyyətlə, siz səhv inanırsınız, gəlin, biz sizə düzgün inanmağı öyrədək” deyən şəxslərdən, dolayısı ilə isə, onların bağlı olduqları xarici dini mərkəzlərdən asılı vəziyyətə düşəcək”.
V.Məmmədov bunun dini təhlükəsizliyimizə ciddi və birbaşa təhdid olduğunu deyib:
"Mən özüm ateistəm, arzulayıram və çalışıram ki, ümumiyyətlə, insanlar dinə yox, elmə inansınlar, hər bir məsələyə ancaq elmin dediyi kimi yanaşsınlar. Amma bir halda ki, buna hələ nail olmaq mümkün deyil, cəmiyyətin böyük hissəsi mütləq dinə inanmalıdır, qoy, bu din əsrlərlə Azərbaycan xalqının yaşayaraq formalaşdırdığı özünəməxsus İslam Modeli olsun, xaricdən bura ixrac edilən paradiqmalar yox! Bu baxımdan, Dini Komitənin tutduğu mövqe istər vətəndaşların dini hisslərinə, istərsə də dövlət maraqlarına münasibətdə olduqca düzgün və ədalətlidir. Bu məsələdə ictimai rəy Komitənin tərəfində olmalıdır”.
Nigar Məhərrəm
Sfera.az






