Prezidentin qarant durduğu vətəndaşı kimlər işdən qovur? - VİDEO
Dünyada baş verən iqtisadi böhran müxtəlif dövlətlərin oxşar problemlərini şərtləndirdi.
Bu oxşar problemlər ölkələri daha qənaətcil olmağa vadar etdi, hətta nəzərdə
tutulan ən iri layihələrdən belə, müvəqqəti də olsa, imtina etmələrinə səbəb oldu.
Azərbaycanda da qənaət anlayışı qabarıq şəkildə ortaya çıxdı. Ancaq nədənsə
bizim iş adamlarına elə gəldi ki, qənaət əsasən insanların işdən çıxarılması hesabına
olmalıdır. Özü də bu, dövlət başçısının vətəndaş hüququnun, vətəndaş mövqeyinin
qarantı kimi çıxış etdiyi ərəfədə baş verdi. Əslində, vəziyyətdən çıxış yolunun axtarıldığı
bir dövrdə, dövlət başçısının bu problemlə də üz-üzə qoyulması, düşünülmüş və ya
düşünülməmiş addımların nəticəsi idi... Ancaq prezidentin kəskin və açıq şəkildəki
çağırışları iş adamlarına düşünmək üçün fürsət yaratdı. Prezidentin hər bir çıxışı,
verdiyi göstərişlər vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına hesablanıb. Elə
bu səbəbdən də iş adamlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə,
dövlət şirkətlərinə prezidentin verdiyi tapşırıqda sosial məsuliyyət ən əsas
göstərişlərdən biridir. Qısa zamanda ölkə başçısının sərt mövqeyi ünvanına çatdı.
İxtisar siyahıları arxa plana keçdi.
Qənaətin müxtəlif yolları, müxtəlif qaydaları var. Məsələn, Yaponiyanın baş naziri
bir neçə il əvvəl həm vaxtına, həm də yanacağa qənaət etmək üçün işə velosipedlə
gəlirdi. Başa düşürəm, biz yaponlar kimi düşünmürük və ya bizdə hansısa bir
məmurun analoji addımı, hansısa dedi-qodulara səbəb ola bilər.
Xülasə, Prezidentin ixtisarların çıxış yolu olmadığını aydın şəkildə ifadəsi, vətəndaşın
iş yerindəki güvənini artırdı. Sizə bu güvən məsələsi səsləndiyi kimi sadə gəlməsin.
Az qala, XALQ-DÖVLƏT, DÖVLƏT-SAHİBKAR adlı güvən çox ciddi şəkildə sınağa
çəkilirdi. Təsəvvür edin, ölkənin birinci şəxsi vətəndaşın yanında olduğunu bəyan edir,
səhəri gün prezidentinə güvənən vəndaşı işdən qovurlar. Məncə, artıq izahata ehtiyac yoxdur.
Prezidentin faktlara söykənən gələcək planları, sahibkara da çalışmaq, ixtisarsız işə
davam etmək yolunda stimul verdi. Sahibkarla kiçik bir söhbətdən sonra məlum oldu
ki,onlara yaradılan imkan, daxili məhsulumuzun istehsal həcminin artımına səbəb olub.
Bu isə təbii ki, yerli işçi qüvvəsinin çalışmasını şərtləndirir. Növbəti müsahibim də
sahibkardı. Yerli istehsalla məşğuldur. Qadın çantası istehsal edirlər. Hələlik kiçik bir
sex səviyyəsində çalışsalar da, dolana bilirlər (Videomaterialda izləyə bilərsiniz - ATV.az).
Yeri gəlmişkən, çəkiliş getdiyini görən bəzi sahibkarlar fürsətdən istifadə edərək
təkliflərini də səsləndirdilər. Bura isə çörəyi çörəkdən çıxanların məkanıdır.
Bakının ən böyük “Bakıxanov çörək zavodu”ndayıq. Çoxları hər gün dükandan
aldığı çörəyin necə ərsəyə gəldiyini və ya hansı əziyyətə başa gəldiyini bilmir.
Özümü bir neçə dəqiqəliyə də olsa, bu adamın yerində görmək istədim, sözün
düzü çox isti idi. Adamın alnı tərləyirdi, alın təri ilə qazanılan əsl çörək bax elə budur...
Yəqin ki, bu zəhmətin müqabilində alınan əməkhaqqı, çörək kimi bərəkətli və
dadlı olar. Beləliklə, ixtisar mövzusunu qapadırıq. Çünki o qədər yanaşma tələb
edən mövzudur ki, hansı tərəfindən yanaşsan, ciddi mətləblərlə qarşılaşırsan.
Təki iş adamları da bu ciddi mətləbləri nəzərə alaraq, probleminin həllini başqa
səbəblərdə axtarsınlar. Təəssüf ki, ixtisara meyilli obyektlərin əksəriyyətinin
məmur və ya məmur ətrafına aid olduğu deyilir. Bunu sadəcə dedik....






