\"Əsrlərdir başı yarmaq, gözü isə ağlamaq üçün istifadə edirsiniz\" - Fazil Mustafa

15:04 / 31.03.2018
5914
Türkçülük ideyalarını hər zaman üstün tutan millət vəkili Fazil Mustafa ötən gün hovuzda qarşılaşdığı hadisə haqda sosial şəbəkə hesabında status paylaşıb.
Sfera.az xəbər verir ki, Fazil Mustafa ilə Cənubi Azərbaycandan olan şəxs arasında mübahisə mövzusu Azərbaycanın torpaqları olub.
Sfera.az millət vəkilnin statusunu olduğu kimi təqdim edir:
"Ötən günlərdə hovuza üzməyə getmişdim. Bir neçə xarici vətəndaşın da hovuzun ətrafında olduğunu gördüm və danışıqlarından anladım ki, Azərbaycanın güneyindən gələn soydaşlarımızdır. Nədənsə bizlər kimi ictimai yerdə ucadan danışırdılar və istər-istəməz qulağıma çatan sözlərdən rahatsız olmağa başladım. Bir soydaşımız şirin Təbriz ləhcəsiylə digərinə israrla deyirdi ki, buralar vaxtilə İranın torpağı olub. Yaxınlaşıb soruşdum ki, sizə kim öyrədib ki, buralar İranın torpağı olub? Cavabı belə oldu ki, ruslaradək biz dərsliklərdən buraların İranın torpaqları olduğunu oxumuşuq. İşimi-gücümü atıb hovuzun kənarında başladım bunlara bir az tarix başa salmağa. İlk hücumum bu oldu ki, bəs siz İranın nəyisiniz? Dedilər ki, vətəndaşıyıq. Soruşdum ki, sayınız nə qədərdir? Biri cavab verdi ki, İranda ən çox biz türklərik.
"Diliniz, məktəbiniz, müstəqil idarəetməniz varmı7", sualını verdikdə susdular. Dedim ki, sizlər İslamı da oralardakı kitablardan oxuduğunuza görə əsrlərdir başı yarmaq, gözü isə ağlamaq üçün istifadə edirsiniz. Halbuki baş düşünmək üçün, göz də görmək üçün təyin olunub. Bizlərsə sizin indi yaşadığınız cəhalət qaranlığından rus işğalı nəticəsində qurtulduğumuza görə bu gün müstəqil dövlət yarada bilmişik. Səfəvilərin, Qacarların açdığı mollaxanalardakı falaqqalardan ayağımızı qurtarıb Çerniyayevskinin açdığı Qori müəllimlər seminariyasına doğru çətinliklə də olsa addımlaya bilmişik. Bizim də qarşımızı Molla Sadıq, Şeyx Nəsrullah, Ayətullah İbrahim Kimyagər almaq istəyirdi, ancaq bu cahil sürüsünün müqavimətini babalarımız Fətəlilər, Mirzə Cəlillər, Sabirlər yarıb keçməyə bacardılar və yaxşı-pis dünyaya öz adımızla çıxa bildik. Bunlara bir şeylər başa saldığımı düşünmüşdüm ki, bir qarnıyoğunu zəncanlı oradan söz atdı ki, bayaqdan bizə tarix öyrətməyə çalşırsan, ancaq biz gedib İraqla savaşda ölkəmizi qoruduq, sizsə Qarabağı ermənilərə verib oturmusunuz. Bu ittihamın cavabını bir neçə arqumentlə verdim və başlarını təsdiqləyici formada yırğalamağa başladılar. Lakin məhz bu sözatmadan sonra anladım ki, Bütöv Azərbaycan deyəndə ilk öncə bu qafanın çözülməsi çox-çox ağır bir iş olacaq. Bu qafa türk vücudu ilə düşünən İrançı qafadır. Bir deyil, iki deyil, milyonlarladır. Hələ Üzeyir bəyin Azərbaycanında da bu qafadan minlərlədir, imamzadalarda, pirlərdə, universitetlərdə, Milli Elmlər Akademiyasında, çayxanalarda, bazarlarda dolaşırlar. Biz Sovet imperiyası üçün öldüyümüzlə fəxr etdiyimiz kimi, indi bunlar da İran üçün öldükləri ilə fəxr edirlər. Ölkələrinin ermənilərə dəstək verdiklərindən utanc duymurlar, bizə isə rus-erməni hərbi gücünə qarşı qeyri-bərabər savaşda məğlubiyyəti irad tuturlar. Bax, bu qafanı nə zamansa çözə biləcəyikmi? Hər halda bu suala cavabın ağırlığını nəzərə alıb gələcəyimizin vahiməsini unutmaq üçün bir anlığa suyun dərinliyinə baş vurdum. başımı sudan çıxaranda adamların dağılışdığını gördüm. Hovuzda Azərbaycan davası beləcə bitmiş oldu”...
Nigar Məhərrəm
Sfera.az