Bakıda sürücü maşını tələbə qızların üstünə sürüb şou göstərdi – FİLM KİMİ OLAY

Bakıda sürücü maşını tələbə qızların üstünə sürüb şou göstərdi –  FİLM KİMİ OLAY
Bakı Dövlət Universitetinin yaxınlığında hoqqabazlıq edən sürücü ilə bağlı Ramil Usubova şikayət edildi

Bakıda hoqqabazlıq edən, başqalarının həyatını təhlükəyə atan sürücülərin sayı azalsa da, hələ də belələrinə rast gəlmək olur. Belə hadisələrdən biri oktyabrın 14-də, axşam saatlarında metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında baş verib. Hadisənin canlı şahidi olan jurnalist Rufik İsmayılov gördüklərini Avtosfer.az-a danışıb: «14 oktyabr tarixində axşamtərəfi işdən çıxıb «Elmlər Akademiyası» metrostansiyasının yanındakı dayanacağa gedərkən xoşagəlməz hadisənin şahidi olmuşam. Təqribən saat 17:40-17:55 radələrində metronun düz qarşısında - Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsindəki 4 yol ərazisində ağ rəngli, dövlət nömrə nişanı 99-GE-033 olan «KİA» markalı sedan (səhv etmirəmsə «KİA Optima» idi ) avtomobilini idarə edən gənc sürücünün kobud şəkildə yol hərəkəti qaydasını pozduğunu müşahidə etdim. Hüseyn Cavid prospekti ilə üzü Şəhidlər Xiyabanı-Vergilər Nazirliyi istiqamətində hərəkətdə olan avtomobilin sürücüsü metronun yanındakı 4 yolda, insanların gur olduğu yerdə işıqforun onun üçün qırmızı işığına əhəmiyyət vermədən öz hərəkət zolağından çıxaraq, qoşa xətti tapdalayıb əks yola çıxmaqla yanaşı, piyada zolağında maşını tələbə qızların üstünə sürürdü. Ətrafda yol polisinin olmamasından sui-istifadə edən həmin sürücü heç nəyə əhəmiyyət vermədən qırmızı işıqda yoluna davam etdikdən sonra sağa Bəxtiyar Vahabzadə küçəsinə - Bakı Dövlət Universiteti istiqamətinə bir balaca dönüb daha sonra sola manevr edərək 4 yoldan gəldiyi yolla geriyə doğru istiqamət alırdı. 99-GE-033 dövlət nömrə nişanlı avtomobilin sürücüsü bu hərəkətini bir neçə dəfə təkrarlayaraq həm piyadalar, həm də digər sürücülər üçün təhlükəli anlar yaşadırdı. Mən həmin sürücünün kimliyini tanımıram və onunla hər hansı şəxsi-qərəzliyim yoxdur. Amma bir vətəndaş kimi bu mənzərədən narahatlıq keçirir, həmin sürücünün tapılaraq qanun çərçivəsində cəzalanmasını istəyirəm».

Jurnalist onu da qeyd edib ki, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində ətrafı davamlı şəkildə nəzarətdə saxlayan 3 müşahidə kamerası var. Həmin kameralardan biri isə 99-GE-033 dövlət nömrə nişanlı avtomobilin hərəkət etdiyi yola tuşlanıb: «Təbii ki, həmin sürücünün bütün qanunsuz hərəkətləri həmin kameraya düşüb». 

Qeyd edək ki, Rufik İsmayılov bu hadisə ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib. O, həmin sürücünün tapılıb cəzalandırılmasını istəyir

Sfera.az


OXŞAR XƏBƏRLƏR