Prezident İlham Əliyev Eldar Mahmudovu vəzifəsindən azad edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az marja.az-a istinadən xəbər verir ki, Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.
Əlavə olaraq bildirək ki, Eldar Mahmudov bir neçə ay əvvəl vəzifəsindən azad olunan Beynəlxalq Bank keçmiş sədri Cahangir Hacıyevin qudasıdır. Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub.
Cahangir Hcıyevin ciddi səhvlərə yol verdiyi açıqlanıb. Bankın vəsaitləri ayrı-ayrı iş adamlarına verilərək mənimsənilib. Azərbaycan Beynəlxalq Bankının "batan" pullarının 3 milyard manat civarında olduğu söylənilir.
Xatırladaq ki, Cahangir Hacıyev sözügedən bankı müflis olma həddinə çatdırdığına görə postundan azad edilmişdi.
Qeyd edək ki, vəzifəsindən azad olunan nazirin yerinə kimin təyin olunduğu haqda sərəncam hələ ki, açıqlanmayıb.
General-polkovnik Eldar Mahmudov prezidentin 23 iyul 2004-cü il tarixli sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsinə birbaşa polis orqanlarından təyinat almışdı.