Brayza: Prezidentlərin görüşü nəticə verməyəcək
“Rusiyaya da müharibə lazım deyil”.Azərbaycan və Ermənistan Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qarşıdakı görüşü heç bir nəticə verməyəcək.
Sfera.az xəbər verir ki, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
Onun sözlərinə görə, qarşıdakı görüşdən sonra münaqişənin nizamlanmasında sıçrayış gözləməyə dəyməz:“Tərəflər arasında etimad olmayanadək sülhə nail olmaq mümkün deyil. Görüşün nəticə verəcəyinə dair heç bir şans görmürəm, lakin etimadın yaradılmasına başlamaq üçün görüş baş tutmalıdır ki, bu da özlüyündə çətin və uzun prosesdir”.
M.Brayza qeyd edib ki, Rusiya münaqişənin həllində maraqlı deyil, onu tərəflərə manipulyasiya etməyə imkan verən “nə sülh, nə də müharibə” vəziyyəti qane edir:“Rusiyaya da müharibə lazım deyil. Hazırda irəliləyiş üçün şanslar yoxdur”.
Diplomat əlavə edib ki, Azərbaycan mövcud vəziyyətdə ölkənin möhkəmləndirilməsi kursunu davam etdirməli¸ bəzi islahatlar aparmaq, iqtisadiyyatın səmərəliliyini gücləndirmək üçün neftin qiymətlərinin azalması dövründən istifadə etməlidir:“Azərbaycan insanların həyat səviyyəsinin yaxşılaşdığı uğurlu, müstəqil, zəngin ölkədir. Azərbaycan möhkəmlənməyə davam etməlidir”.
M.Brayza diqqətə çatdırıb ki, Ermənistan indiki vəziyyətdə Rusiyadan, rus sərmayələrindən və energetikasından asılılığını azaltmalıdır:“Rusiya Ermənistanın bütün əsas infrastrukturuna sahibdir ki, bu da Sarkisyanın bu ölkə qarşısında mövqeyini çox zəif edir”.