MTN generalları ilə bağlı ŞOK İDDİALAR: quldurluq, soyğunçuluq, qanunsuz tələbetmə…

MTN generalları ilə bağlı ŞOK İDDİALAR:  quldurluq, soyğunçuluq, qanunsuz tələbetmə…

Eldar Mahmudovun və komandasının postundan gözlənilmədən götürülməsinin sensasion səbəbləri bəlli olub 

 

İki gün əvvəl prezident İlham Əliyevin qəfil sərəncamı ilə Milli təhlükəsizlik naziri vəzifəsindən azad olunan Eldar Mahmudovla bağlı məsələ nəinki Azərbaycan mediasında, hətta qonşu ölkələrin mətbuatında da gündəm yaradıb. Nazirin işdən qovulması ilə bağlı mətbuatda bir neçə versiyalar irəli sürülsə də, hələlik bu barədə heç bir rəsmi açıqlama verilməyib.

 

Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, Eldar Mahmudovun və onun komandasının postundan gözlənilmədən götürülməsinin sensasion səbəbləri bəlli olub.

 

Məlum olub ki, Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh olan Eldar Mahmudov və bir qrup MTN-in yüksək rütbəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr həyata keçirib. Onların fəaliyyəti uzun müddət araşdırılıb, dəfələrlə Eldar Mahmudova baş verənlərlə bağlı xəbərdarlıq edilib. Nazirə hətta konkret faktlar üzrə törədilən cinayətlərin arxasında onların durduğu ilə bağlı şübhələr çatdırılıb. Məsələ o yerə çatıb ki, prosesə Azərbaycanın prezidenti şəxsən müdaxilə etməli olub. Hətta Eldar Mahmudov ölkə başçısı İlham Əliyevə yalan danışmaqdan belə çəkinməyib.

 

 

Prezidentin xüsusi tapşırıqlarından sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup yüksək rütbəli əməkdaşları, əsasən general-mayor Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Mirvətova, o cümlədən, nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər şəxslər uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurublar. Onlar bu yolla milyonlarla manat vəsait mənimsəyiblər. Hazırda adıçəkilən şəxslərin bir qrupu həbs edilib, Eldar Mahmudov başda olmaqla Akif Çovdarov, Hilal Əsədov və digər generallar nəzarətə götürülərək əməlləri araşdırılır.

 

Baş verənlərlə bağlı dövlət qurumlarının dolğun açıqlamasının yayılacağı gözlənilir. Hazırda proses prezident İlham Əliyevin birbaşa nəzarətindədir və intensiv olaraq dövlət başçısına araşdırmalarla bağlı məruzə edilir.

 

Qeyd edək ki, dünən prezident bu olayla bağlı Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirərək xüsusi tapşırıqlar verib.(lent.az)

Sfrera.az


OXŞAR XƏBƏRLƏR