Fazil Mustafa abort etdirən məktəbli qızlardan danışdı
Xəbər verdiyimiz kimi son 3-4 ildə abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb.
Sfera.az xəbər verir ki, millət vəkili Fazil Mustafa da azyaşlı qızların abort rəqəmlərinin az təqdim olunduğunu, bu rəqəmlərin əslində tam olaraq həqiqəti əks etdirmədiyini söyləyib:
"Ölkəmizdə əsas faciə budur, faciəni başqa yerdə axtarmayın. Göstərilən bu rəqəmlər azaldılıb. Çünki bu sahədə çalışan həkim bandaları da var ki, onlar məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər”.
F.Mustafa cinsi tərbiyənin tamamilə unudulmasının fəsadlarını belə qiymətləndirib:
"Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq”.
Nigar Məhərrəm
Sfera.az






