Vergi Məcəlləsinə dəyişikliklə bağlı müzakirələr başladı

Vergi Məcəlləsinə dəyişikliklə bağlı müzakirələr başladı

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə bir sıra ciddi dəyişikliklər edilməsi məsələsi müzakirə olunur.

Sfera.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sözügedən qanun layihəsi barədə məlumat verib. O qeyd edib ki, adıçəkilən sənəd ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə bu günlərdə 9 ayın yekunlarına həsr olunmuş iclasda dövlət başçısı tərəfindən verilən, xüsusilə, biznes mühitinin yaxşılaşdırılması yönündə irəli sürülən tövsiyələrin ruhunda hazırlanıb:

"Fiziki şəxslərin gəlir vergisi ən problemli məsələdir. Xüsusilə, yerlərdə insanlarla görüşəndə ən çox bu məsələ qaldırılır. Nisbətən az əmək haqqı alan insanlar, müəllimlər tərəfindən bu məsələ problemli məsələ kim daim qabardılır. Ona görə Vergi Məcəlləsinə təklif edilən əsas dəyişiklik məhz bu məsələ ilə bağlıdır. Bu dəyişiklik bütövlükdə 500 minə yaxın insanı əhatə edəcək.

Dəyişikliyə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manat olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, 30000 min manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində hissəsinin gəlir vergisindən azad olunması təklif edilir.

Həmçinin, yeni dəyişikliyə əsasən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq. Eyni zamanda, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə gəlir versinin və ƏDV-nin ödəyici olmayacaqlar.

Bununla yanaşı, adıçəkilən Məcəllənin 13.2.55-ci və 13.2.56-cı maddələrində göstərilən fəaliyyətlə məşğul olan şəxslər tərəfindən sadələşdrilmiş vergi Məcəllənin 219.1-ci maddəsinin ikinci abzasında müəyyən edilmiş vergitutma öbyekti üzrə bu dərəcələrlə hesablanacaq -yəni, ticarət fəaiyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz. Belə ki, təqvim ili ərzində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozulmalarına birinci dəfə yol verəndə əvvəllər 400 manat məbləğində cərimə olunurdusa, dəyişikliklə qəbul olunsa, onlara qarşı 2 000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verənlərin əvvəlkindən 5 dəfə çox, yəni 4000 manatadək cərimə olunması təklif edilir. Belə hüquqpozulmasına üçüncü dəfə yol verənlər əvvəlki kimi 1 200 manat yox, 6 000 manat cərimə ödəməli olacaq”.

Komitə sədri eyni zamanda qeyd edib ki, Azərbaycanda qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi dərəcələrinin artırılması təklif edilir: “Vergi Məcəlləsinin qüvvəyə mindiyi tarixdən etibarən yerin təkindən istifadə etməklə sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin sayının çoxalması, habelə ölkədə aparılmış məqsədyönlü iqtisadi siyasət nəticəsində tikinti və sənaye sektorunun sürətli inkişafı qeyri-filiz faydalı qazıntılarına olan tələbatı artırıb. Bununla əlaqədar olaraq qanun layihəsi ilə qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi dərəcələrinə yenidən baxılması təklif edilir. Bu da dövlət və bələdiyyə büdcələrinin daxilolmalarınınartmasına müsbət təsir göstərəcək”.


OXŞAR XƏBƏRLƏR