Azərbaycan sosial şəbəkə bazarına niyə girə bilmir?
Bildiyimiz kimi bəzi ölkələrin özlərinin yerli sosial şəbəkələri var. Bunlardan ən böyük olanı Çindədir. Çin yerli sosial şəbəkəsi ilə digər sosial şəbəkələrə meydan oxuyur.
Bu yaxınlarda isə "Vero" adlı yeni bir sosial şəbəkə istifadəyə verildi. Yeni olmasına baxmayaraq, bazara girişi sürətli oldu. Bu isə bir daha "Azərbaycanın da yerli sosial şəbəkəsi ola bilərmi?", sualını ağla gətirdi.
Sfera.az saytının əməkdaşı mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikirlərini öyrənib. Osman Gündüz bunun üçün nəhəng resursların lazım gəldiyini bildirib:
"Bu barədə 40 dəfə cəhd olunub və 40-ında da uğursuz alınıb. Uğursuz olmağına səbəb isə odur ki, biz "Facebook"dan, "Google plus"dan, "Instagram"dan, "Youtube"dan üstün nəsə verə bilmərik. Bazarda bunlar var, əlavə nəsə verə bilmirik. Yaratdığın sosial media resursuna insanları necə cəlb edəcəksən? Çox güclü marketinq lazımdır ki, bu da güclü vəsait istəyir. Vəsait isə yoxdur. Ona görə mən hesab edirəm ki, milli sosial media şəbəkəsi bu baxımdan yaxın görünmür. Bazardakı rəqiblər hədsiz dərəcədə güclüdür. Bazar tutulub, bazara girmək üçün nəhəng resurslar lazımdır".
Onun sözlərinə görə, Çin bu barədə istisna ola bilər:
"Çinin öz sosial şəbəkəsi ona görə var ki, onlar zamanında buna resurs ayırıblar. Həm də Çin bazarı bu sahə üçün kifayət qədər böyük bazardır. "Facebook", "Google", "Youtube" və digərlərinə belə bizim bazar maraqsızdır. Bu bazarda böyük vəsaitlər olmadığı üçün böyük resurslar da qoyulmur”.
Nihat Hüseynzadə






