Alpinistlərlə bağlı müəmma davam edir - "Dyatlov" hadisəsi Azərbaycanda təkrarlanmış ola bilər?
Ötən ilin dekabrın 24-də "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadə Azərbaycanda Tufandağ ətrafına səfər edərək itkin düşüb. Artıq bir neçə ay ötməsinə baxmayaraq itkin düşənlərlə bağlı heç bir məlumat əldə edilməyib.
İlk olaraq alpinistlərlə bağlı son durumu öyrənmək üçün axtarışlarda iştirak etmiş dağçı, alpinist Aleksandr Nəcəfovla əlaqə saxladıq.
Sfera.az-a açıqlamasında A.Nəcəfov bildirib ki, hazırda axtarışlar aparılan ərazidə dinamiklik müşahidə olunur:
"Ərazidə monitorinqlər aparmaq lazımdır. Təəssüflər olsun ki, axtarışlar heç bir nəticə vermir. Axtarışlar niyə nəticə vermir? Çox çətin sualdır”.
Oxşar hadisə 1959-cu ildə Rusiyada, Dyatlov keçidində baş verib. Orada yoxa çıxan 9 alpinistin ölümünə nəyin səbəb olduğu hələ də açıqlanmayıb. Xeyli müddət sonra, 1990-cı ildə hadisələrə yenidən baxış keçirildi və bu olayı yad planetlilərlə əlaqələndirənlər oldu. Sizcə oxşar hadisə Azərbaycanda da təkrarlanmış ola bilərmi?
"Düşünmürəm ki, yad planetli amilinin bura təsiri olsun. Dyatlov hadisəsi ilə Azərbaycanda baş verən bu olay tamamilə fərqlidir. Bu ərazidə heç o qədər də vəhşi heyvan olmayıb. Bu səbəbdən alpinistlərin heyvanlar tərəfindən yeyilməsi ehtimalı da yoxdur. Yenidən bütün marşrutlara nəzər salmaq lazımdır. Əldə olunan nəticləri analiz etmək lazımdır. Əlbəttə, bunun üçün mütəxəssislər və zaman lazımdır. Alpinistlərin itkin düşməsi ilə əlaqədar hər hansı alternativ variant yoxdur. Bu cür hadisələrin baş verməsi gözləniləndir. Hər yerdə bu cür hadisələr baş verir”.
Son vəziyyətlə əlaqədar olaraq "Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov da Sfera.az-a açıqlama verib:
"Hələlik nəticələrlə bağlı heç bir dəyişiklik yoxdur, axtarışlar davam edir. Axtarışlara yeni qüvvələrin cəlb edilməsi isə nəzərdə tutulmur".
Nigar Məhərrəm
Cebhe.info






