Logo

“Bank Standard”ın tərk etdiyi tarixi bina - Mətbuat Sarayı...

“Bank Standard”ın tərk etdiyi tarixi bina - Mətbuat Sarayı...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Yeni Müsavat” Mətbuat Şurası sədrinin təklifi əsasında araşdırma apardı; Bakı Şəhər İcra Hakimiyyətində olan müxbirimizin sorğusuna cavab necə oldu?

Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov media cameəsi üçün çox mühüm bir təşəbbüslə çıxış etdi. O, prezident İlham Əliyevin 2018-ci ili Azərbaycanda "Cümhuriyyət ili” elan etdiyini xatırladaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində mətbuat muzeyinin yaradılmasını zəruri saydığını dedi.

Ə.Amaşovun həmin çıxışında dediyi kimi, Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində bir sıra sahələrə olduğu kimi, media sahəsində də ciddi addımlar atıb. Cümhuriyyət hökuməti mətbuat üçün nəşriyyat evini tikməyi planlaşdırsa da, işğal bunun reallaşmasına imkan verməyib. Ancaq Cümhuriyyət qurucularının bu ideyası Sovet Azərbaycanında həyata keçirilib. Belə ki, 1933-cü ildə Bakıda Mətbuat Sarayı adlandırılan bina tikilərək istifadəyə verilib. Həmin bina indiki Azərbaycan prospekti-4 ünvanında (Keçmiş "Bazarnı” və Hüsü Hacıyev küçələri - E.P.) yerləşir. Mətbuat Şurasının sədri həmin binanın Mədəniyyət və Turizm Nazirliyinin reyestrində memarlıq abidəsi kimi qeydiyyata alındığını parlamentdə dilə gətirdi. Bildirdi ki, uzun müddət "Azərnəşr”in fəaliyyət göstərdiyi bu bina 1995-ci ildə "Bank Standard” Kommersiya Bankına baş ofis kimi verilib.

Əflatun Amaşov ile ilgili görsel sonucu

Ə.Amaşovun təklifi media nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb. Biz də "Yeni Müsavat” olaraq MŞ sədrinin dedikləri ilə əlaqədar araşdırmalar aparmağa qərar verdik. Məlum olduğu kimi, "Bank Standard” hələ ötən ildən fəaliyyətini dayandırıb. Bu mənada həmin binanın indi hansı məqsədlər üçün istifadə edildiyi maraqlı idi. Sözügedən ünvana baş çəkərkən gördük ki, üzərində "Bank-Standard”a aid reklam lövhələri olduğu kimi qalsa da, qapılar bağlıdır. Gözəl görünüşə malik tarixi bina kənardan belə arkitekturasına görə göz oxşayır. Ancaq təəssüf ki, üzərində binanın tarixi abidə olduğunu və dövlət tərəfindən qorunduğunu bildirən lövhə belə vurulmayıb.

Lakin bağlı qapıların üzərinə Əmanətlərin Sığortalanması Fondu QSC-nin bank əmanətçiləri üçün məlumatlar olan elanlar var. Binanın mühafizəçisi Seymur Məmmədov bizə bildirdi ki, 5 mərtəbəli binada yerləşən bank ofisi 1 oktyabr 2016-cı il tarixdən fəaliyyətini dayandırıb: "Artıq bankın bu binaya heç bir aidiyyəti yoxdur. Biz, sadəcə, binanı mühafizə edirik. Burada bankın hər hansı əmlakı qalmayıb, yalnız binaya məxsus avadanlıqlardır. Bura hazırda Əmanətlərin Sığortalanması Fondunun ixtiyarındadır”.

Mühafizəçi dedi ki, boş olsa da, bu müddətdə binadan icarə məqsədilə istifadə etmək üçün kimsə müraciət etməyib: "Ancaq bank əmanətçiləri müraciət edir. Onları da indiki ünvana yönəldirik”. S.Məmmədov binanın aşağı hissəsindəki kafe-restoranın bu binaya aid olub-olmadığı barədə bir söz deyə bilmədı.

Ətrafdakı obyektlərdə çalışanlarla, həmçinin şəhər sakinləri ilə söhbət edib onların bu bina ilə bağlı məlumatlı olub-olmadıqlarını, səslənən təklifə münasibətlərini öyrənmək istədik. Binaya bitişik mağazada satıcı işləyən Günay xanım bildirdi ki, təşəbbüsü alqışlayır: "Bilirik ki, bu il Cümhuriyyətimizin 100 illiyidir. Odur ki, bu binanın mətbuat muzeyi kimi fəaliyyət göstərməsi çox yaxşı olar”.

Qarşı tərəfdəki qəzet köşkünün satıcısı Sevinc xanım isə bu binanın yaxınlığında böyüyüb:"Mən gözümü açandan bu binanı görmüşəm. Tarixi binadır və əvvəlki görkəmində qalıb. Düzdür, deyəsən, damına dəyişiklik ediblər, əlavə tikili tikiblər. Məncə, əvvəl o hissə yox idi”.

Xanım satıcı dedi ki, binanın mətbuatın ixtiyarına verilməsinə inanmır: "Düzdür, burada vaxtilə nəşriyyat fəaliyyət göstərib. Sonra banka verildi. Nə bilim vallah? Bu binanı yenidən mətbuata qaytararlarmı? Həm də mətbuata uyğun formaya gətirmək üçün xeyli xərc lazım olar. Amma əvvəlki sahiblərinə, mətbuata qaytarılsa, çox yaxşı olar. Mən 15 ildir burada işləyirəm, həyat yoldaşıma köməklik edirəm, ona görə də bu bina barədə çox məlumatlı deyiləm. Amma həyat yoldaşım 40 ildir qəzet satır, bu binada çalışan nəşriyyatın rəhbərliyini də yaxşı tanıyırdı”.

Yaxınlıqdan keçən Murad Rəsulov isə dedi ki, bu barədə səslənən təklifi müdafiə edir: "Mən bu təklifə ”hə" deyirəm. Niyə də olmasın?"

1627e8ea-82a7-4ca6-a060-ee8582feb798.jpg (194 KB)

Tarixi binaya bitişik ünvanda fəaliyyət göstərən "Nobooy Knows” restoranında barmen işləyən Fərid Sadıqov muzey təşəbbüsünə orijinal münasibət bildirdi:"Burada muzey yaratsalar, həm xalqımız üçün faydalı iş olar, həm də bizimçün də yaxşı olar. Çünki buralarda həyat qaynayar. Artıq xeyli vaxtdır bank burada fəaliyyətini dayandırıb, bizim müştərilərimiz də azalıb”.

Binanın Mədəniyyət və Turizm Nazirliyinin reyestrində memarlıq abidəsi kimi qeydiyyata alındığını nəzərə alıb nazirliyin səslənən təklifə münasibətini öyrənmək istədik. Lakin bizə bildirildi ki, bina Mədəniyyət və Turizm Nazirliyinin reyestrində memarlıq abidəsi kimi qeydiyyata alınsa da, digər suallar onlara aid deyil.

“Bank Standard”ın tərk etdiyi tarixi bina - Mətbuat Sarayı...

Belə olduqda Bakı Şəhər İcra Hakimiyyətinə yollandıq. Mühafizəçiyə icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşmək istədiyimizi deyəndə məsləhət gördülər ki, qəbul otağına yaxınlaşaq. Qəbul otağının müdiri Tahir Məsimov isə Mətbuat Şurası sədrinin təşəbbüsü və ümumiyyətlə, Azərbaycan-4 ünvanında yerləşən binanın taleyi ilə bağlı suallara cavab vermək iqtidarında deyil. Bununla bağlı mətbuat xidmətinə müraciət etməyi məsləhət gördü. Lakin mətbuat xidməti, həmişəki kimi, telefonun dəstəyini qaldırmadı.

*****

Jurnalistikamızın ağsaqqal nümayəndəsi, professor Şirməmməd Hüseynov səslənən təkliflə bağlı "Yeni Müsavat”a fikirlərini bölüşdü: "Yaşasın Əflatun Amaşov ki, heç olmasa bu məsələni qoyur. Bakıda ”Əkinçi" qəzeti nəşr olunub. Soruşuram, muzeyi varmı? Bakıda ilk gündəlik "Həyat” qəzeti çıxıb, muzeyi var? Mən demək istəyirəm ki, o muzeylərə də ehtiyac var. Təbii ki, ehtiyac var, mətbuat muzeyi də lazımdır. Amma indi 100 illikdir. Soruşuram səndən, Azərbaycan Xalq Cümhuriyyəti muzeyi varmı? Şərqdə və İslam aləmində ilk demokratik respublika! Birinci növbədə o məsələdən başlamaq lazımdır. Bir milləti tarixən dünyada tanıdan dövlətidir".

Cümhuriyyət qurucularının bir çoxunun elə həm də jurnalist olduqlarını, məqalələrlə çıxış etdiklərini xatırladıb onlara da bu muzeydə yer ayrılmasının mümkün olub-olmadığını soruşduqda, Şirməmməd müəllim maraqlı cavab verdi: "Cümhuriyyət yaradanları jurnalist hesab edib, onları qabağa çəkmək xırdalıqdır. Lazımlı şeylər çoxdur. Amma insan faktoru öndə olmalıdır. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, insan kapitalı bizimçün önəmlidir”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Cahangir Məmmədli ile ilgili görsel sonucu

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Cahangir Məmmədli "Eurasia Diary"yə açıqlamasında Əflatun Amaşovun təklifini yüksək qiymətləndirdiyini bildirib: "Əflatun Amaşov əslində tarixi fakta toxunub. Çünki onun təklif etdiyi bina  vaxtilə Mətbuat Sarayı olub. İndi onun öz statusunun geri qaytarılması gündəmdədir. Jurnalistlərə,  jurnalistikamızın tarixinə yaraşan bir yerdədir. Mən iki əlli ona razıyam və mətbuatda bunu hamımız təbliğ etməliyik”.

“Bank Standard”ın tərk etdiyi tarixi bina - Mətbuat Sarayı...

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Rəşad Məcid də təkliflə bağlı fikirlərini bildirib. "Əflatun Amaşovun təklifini mən də çox maraqla və xoş qarşıladım. Belə bir muzeyin yaradılmasına ehtiyac var. Həqiqətən də mətbuat muzeyinə yararlı ola biləcək tarixi bir binadır. Əgər elə bir ideya reallaşarsa bu həm də Azərbaycan mətbuatına çox böyük diqqət və qayğının göstəricisi olar” - R.Məcid deyib.

“Bank Standard”ın tərk etdiyi tarixi bina - Mətbuat Sarayı...

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da sözügedən təklifi çox müsbət qiymətləndirdiyini açıqladı. Onun sözlərinə görə, Azərbaycanda mətbuat tarixi muzeyinə çox böyük ehtiyac var. Akif Aşırlı mətbuat tarixi muzeyinin böyük tarixi məkanda açılmasına çox ciddi ehtiyacın olduğunu deyib: "O ehtiyacı da Əflatun müəllim dilə gətirdi. Mən ona təşəkkür edirəm. Hesab edirəm ki, məkan da çox doğrudur. Ora vaxtilə Mətbuat Sarayı olub. Sonradan senzura kimi fəaliyyət göstərib. Hətta 90-cı illərdə orada müəyyən mətbuat orqanları fəaliyyət göstərirdi. Tarixi binadır. O, binada mətbuat tarixi muzeyi yaradılarsa, çox böyük bir iş olardı. Mən də üzərimə düşən nə vəzifə varsa onu icra etməyə hazıram”- deyə, baş redaktor əlavə edib.

Konstruktivizm üslubunda inşa edilmiş bu binanın tikintisinin tarixi də olduqca maraqlıdır. 1927-ci ildə Azərbaycan Dövlət Nəşriyyatının binası tikilməli idi. O zaman Sovet İttifaqında bu binanın tikintisi ilə bağlı memarlıq müsabiqəsi elan olundu. Nəticədə binanın tikintisi ilə bağlı elan olunan müsabiqəyə təqdim edilən 42 layihə arasında tanınmış gənc memar Semyon Peninin Uraldan göndərdiyi ideya müsbət qarşılanıb. Xatırladaq ki, bu müsabiqədə sovetlərdəki bütün məşhur memarlar iştirakçı olub. Bu binada nəşriyyat üçün zəruri olan bütün amillər nəzərə alınmışdı. 70-ci ildə konstruktivizm memarlıq abidələrinə həsr olunan kitabdakı siyahıda bu bina 18-ci ən yaxşı bina olub. Yeri gəlmişkən, S.Pen Kazan və Moskvada da eyni üslubda binaların layihələrini təqdim edib. Bakıdakı binada "Azərnəşr” yerləşdiyi kimi,  Kazandakı bina "Nəşr evi”, Moskvadakı isə "Tipoqrafiya klubu” olub. Çap işi ilə bağlı olan o biri binaların indiki taleyi barədə məlumatımız yoxdur. Lakin Bakıdakı keçmiş bank ofisinin - tarixi binanın ilkin sahiblərinə - mətbuata qaytarmaq üçün unikal şans yaranıb. Bu addım Cümhuriyyət ilində 143 yaşlı milli mətbuatımıza hədiyyə olmaqla yanaşı, 85 yaşlı tarixi abidənin öz sahiblərinə qaytarılması baxımından da çox faydalı olardı. Həmçinin bu, taleyini media ilə bağlamış əksər Cümhuriyyət qurucularının da ruhunu şad edərdi. Yeri gəlmişkən, dahi Üzeyir bəy Hacıbəyli elə Mətbuat Sarayının qonşuluğunda yaşayıb...

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR