Azərbaycan və Almaniya arasında məsləhətləşmə

Azərbaycan və Almaniya arasında məsləhətləşmə

Azərbaycan və Almaniya arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Almaniya Federativ Respublikasını xarici işlər nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Andreas Peşke arasında görüş keçirilib.

Sfera.az xəbər verir ki, X.Xələfov ölkəmizin Almaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirib. Son dövrlərdə Azərbaycana qarşı atılan addımların, o cümlədən Avropa Parlamentinin və Almaniya Bundestaqının qərəzli qətnamələrinin Azərbaycanın Almaniya ilə münasibətlərinin inkişafına xidmət etmədiyini deyib. Ölkələrimiz arasında siyasi dialoqun daha səmərəli olması üçün bəzi məsələlərlə bağlı mövqelərin korrektə edilməsinə ehtiyac olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan Xələf Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qaneedici olmadığını qeyd edib. O əlavə edib ki, Avropanın aparıcı dövlətlərindən biri kimi Almaniya münaqişənin həlli istiqamətində daha fəal siyasət həyata keçirməsi faydalı olardı.

Nazir müavini ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi layihələr haqqında məlumat verərək, həmin layihələrdə alman şirkətlərinin daha fəal iştirakının arzu olunduğunu vurğulayıb. Almaniyanın İqtisadiyyat və Enerji Nazirinin Azərbaycana gələcək səfərinin iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib. İki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi, tələbə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışan X.Xələfov humanitar sahədə əməkdaşlıq üçün də yüksək potensial olmasına əminliyini ifadə edib.

Andreas Peşke Azərbaycanın regionda Almaniyanın ən vacib tərəfdaşı olduğunu vurğulayaraq, təmsil etdiyi dövlətin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib. 
Alman iş adamlarının Azərbaycana daha çox sərmayə qoyulmasına maraq göstərdiyini qeyd edən alman diplomat, 2012-ci ildən fəaliyyət göstərən Alman-Azərbaycan Xarici Ticarət Palatasının ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı platforma olduğunu bildirib.

“Qafqazinfo”


OXŞAR XƏBƏRLƏR