Logo

"AAAF Park" çoban ifaçını otelindən çıxardı: "Əvvəldən bilsəydim..."

"AAAF Park" çoban ifaçını otelindən çıxardı: "Əvvəldən bilsəydim..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkədə ifası ilə məşhurlaşan çoban Pərvin Səfərovun Bakıda mənzillə təmin edilməsi barədə mətbuatda bir müddət öncə xəbərlər yayılmışdı. P. Səfərov bildirmişdi ki, "AAAF PARK Yaşayış Kompleksi" ona yaradıcılığını genişləndirmək, vokal dərsləri almaq üçün imkan yaradıb: ""O səs Türkiyə" yarışmasında sona kimi mübarizə aparmağım və layiqincə yer tutmağım üçün vokal dərsi almalıyam. Xalq artistləri mənə yarışmada iştirakımla bağlı təmannasız vokal dərsi keçmək istəyirlər. Lakin Bakıda qalmaq üçün nə bir evim, nə də elə bir imkanım var ki, kirayə qalım. "AAAF Park" məni öz otellərinin birindən evlə təmin edib. Şirkətdən bildiriblər ki, mənim üçün nəzərdə tutulan evdə istədiyin qədər qala bilərsən".

Bu xoş xəbərin üstündən çox keçməmiş "AAAF Park" Pərvin Səfərovu otelindən çıxarıb. Bu barədə "Yeniavaz.com" saytına açıqlama verən ifaçı baş verənləri belə nəql edib: "Mənim də Bakıda qalmaqla bağlı sıxıntım var idi. Onlar mənə "facebook"dan yazmışdılar ki, dəstək ola bilərik. Zəng vurdum və dedim belə bir sıxıntım var. Dedilər gəl bura, sənə kömək olaq. Rayondan Bakıya gəlib "AAAF Park"ın rəhbərliyi ilə görüşdüm və mənə dedilər ki, ürəyin nə qədər istəyir burada qala bilərsən. Hətta bildirdilər ki, peşəkar olmasalar da, otelin restoranında musiqiçilər var, onlarla da məşğul ola bilərsən. Onu da əlavə etdilər ki, bizim səninlə bağlı planlarımız var, dəstəkləyirik səni. Mən də məmnuniyyətlə təklifi qəbul elədim və qalmağa yerim olmadığı üçün əşyalarımı "AAAF Park"ın otelinə yerləşdim. Mənə oteldən filan vaxtı çıxmalısan deyə vaxt qoyulmadı. Dedilər ki, ürəyin nə qədər istəyirsə, qal. Açığı, mən burada çox qala bilmirdim, gah kəndə gedirdim, gah da "O səs Türkiyə" yarışması ilə bağlı Türkiyəyə. Həftədə 1 və ya 2 gün qalırdım. Ümumilikdə bəlkə "AAAF Park"ın otelində heç 20 gün qalmamışdım. "O səs Türkiyə" yarışmasına getdim və 3-cü turdan keçə bilmədim. Məlum idi ki, mən bir gün nə vaxtsa bu yarışdan çıxasıyam. Hansısa mərhələdə bu baş verməli idi. Mənim əsas məqsədim gəlib Bakıda təhsil almaqdır. "O səs Türkiyə"dən uzaqlaşandan sonra Bakıda təhsilimi davam etdirmək istəyirdim. Qayıdandan sonra otelə gəldim. Əvvəl burada mənim üçün ayrıca otaq verilmişdi. Lakin bu dəfə mənə belə deyək, ümumi otaqda yer verdilər. Dedilər ki, sənin qaldığın otaq başqasına verilib, müvəqqəti qal burda, sonra səni köçürərik digər otağa".

İfaçı bildirir ki, oteldə bir-iki gündən qalandan sonra "AAAF Park" rəhbərliyi onu çağıraraq oteldən çıxmasını istəyib: "Bir-iki gün qaldım orada, dedilər ki, müdiriyyət səninlə görüşmək istəyir. Görüşdüm, məndən soruşdular ki, işlər necə gedir, dərsləri davam etdirirsənmi və s. Sonra bildirdilər ki, biz səninlə burada qalmaq məsələni ilin sonuna kimi danışmışdıq. Burada qalmağın üçün gərək biz sənin üçün akt hazırlayaq, müqavilə imzalayaq, hər gecəsinə 80 manat pul ödəyirik. Halbuki əvvəl mənim burada ilin sonunadək qalma söhbətim olmamışdı.

Əvvəldən bilsəydim, ən azından hazırlıq olardım, tədbir görərdim. Fikirlərindən mənə bəll oldu ki, getməyimi istəyirlər. Ona görə dedim ki, sabahdan çıxaram. Söhbət əgər 10-15 gün orada qalmaqdan gedirdisə, mən onsuz da narahatçılıqla da olsa qohumumgildə qalardım. Axı əvvəldən mənə belə deyilməmişdi. Mənə toxunan odur ki, bəri başdan mənə desəydilər işimi bilərdim, onlar dəvət edən ərəfədə mənə dəstək olmaq istəyən bir nəfər də zəng vurmuşdu. Mənə bildirdi ki, ev məsələni həll etmək istəyirəm. Həmin insana dedim ki, artıq "AAAF Park"da qalıram, çox sağ ol. O şəxsin təklifini dəyərləndirmədim, imtina elədim. Bilsəydim belə olacaq, elə ona deyərdim mənə kömək olsun. Mənim Bakıda qalmaqda məqsədim təhsil almaqdır. Bəlli deyil ki, nə vaxtadək qalacağam və bunu "AAFF Park"da da demişdim. Ona görə 15 gündən sonra mənə çıxmalısan demələrini heç cür başa düşmədim. Bu mənə çox pis təsir elədi. Məqsəd nə idi, neyləmək istəyirdilər, bilmədim. Mənim orada qalma xəbərimi sağ olsunlar, saytlar xəbər etmişdilər və bu da "AAAF Park"ın dolayı yolla reklamı demək idi. Hər kəs də bildi ki, "AAAF Park" mənə dəstək olur. Ancaq bu gün "AAFF Park" mənə deyir ki, biz səninlə müəyyən vaxta qədər - ilin sonunadək danışmışdıq. Belə çıxır ki, mən "O səs Türkiyə"də mərhələni keçə bilmədim deyə çıxardılar? Yoxsa məqsəd nə idi?

Mənim kənardan heç bir qazancım yoxdur. Rayonumuzda Mədəniyyət Evindən aldığım maaş heç yolpuluma çatmır. Bakıda qalıb təhsilimi davam etdirmək üçün qalmağa yerim, maddi imkanım olmalıdır. Əgər kimsə mənə dəstək olmaq istəyərsə, sevinərəm, amma axıradək dəstək olsun. Reklam xatirinə olmasın. Mənə dəstək oldu, saytlar işıqlandırdılar, vəssalam, belə olmamalıdır. Səhv başa düşülməsin, məni çoxları izləyir, bilmək istəyirlər ki, Pərvinə kim dəstək oldu, hansı nəticəyə nail oldu və s. Mən özümü incəsənətdə görmək, sevilən ifaçı olmaq istəyirəm. Arzularım böyükdür".(yeniavaz.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR