“Türkiyənin beynəlxalq aləmdə uğurlarına sevinirik...” - İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Sfera.az-ın məlumatına görə, təbrikdə deyilir: "Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Bu gün Türkiyə güclü iqtisadiyyata, demokratik prinsiplərə əsaslanan siyasi sistemə malik müasir ölkə kimi regionda və dünyada böyük nüfuz qazanmışdır. Biz Türkiyənin beynəlxalq aləmdə bütün uğurlarına sevinirik.
Azərbaycan ilə Türkiyəni dərin tarixi, milli köklərdən bəhrələnən möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz müttəfiqliyimizi və birliyimizi bariz şəkildə ifadə edir.
Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı maraq və mənafelərimizi üstün tutan ardıcıl mövqeyimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirəm".
Dövlət başçısı Türkiyənin Baş naziri Əhməd Davudoğlunu da təbrik edib.
Məktubda qeyd olunur: "Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Tarixin bütün sınaqlarından çıxmış birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir.
İnanıram ki, ölkələrimiz arasındakı birlik və möhkəm tərəfdaşlıq münasibətləri qarşıya qoyduğumuz məqsədlərə çatmağımızda, irimiqyaslı iqtisadi layihələrin reallaşmasında, beynəlxalq mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayacaqdır.
Sizə ən xoş arzularımı yetirir, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".