Nəsimi rayonunda “Ümummilli Lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilmişdir
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, tarixən Azərbaycan cəmiyyətində ağbircəklərin, anaların xüsusi hörməti və nüfuzu olub. Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Ümummilli Lider,Ulu öndər Heydər Əliyev həmişə qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. O, 1969-cu ildə - respublikamıza ilk dəfə rəhbər təyin olunduqdan sonra qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına görə, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başlamışdı.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirilməyə başlandı. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci il yanvarın 14-də qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Dahi Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra Fərman və Sərəncamlar imzalanmışdır. Bu gün bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadınların təmsilçiliyinin genişlənməsinə çox böyük diqqət yetirir.
Gülarə Verdiyeva çıxışına davam edərək bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın bu günü, gələcəyi üçün gördüyü, ölkəmizin tərəqqisinə verdiyi töhfələr hər bir Azərbaycan qadını üçün nümunədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir.













