Azərbaycandakı seçkilər xarici mətbuatda
Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bir sıra xarici kütləvi informasiya vasitələri ətraflı süjetlər yayımlayıb, yazılar dərc edib.
Sfera.az Azərtac-a istinadən xəbər verir ki, Milli Məclisə seçkilərlə bağlı Rusiyanın aparıcı televiziya kanallarında süjetlər yayımlanıb. “Rossiya 24” kanalında tamaşaçılara təqdim olunan videomaterialda qeyd edilir ki, respublika üzrə bütün seçki məntəqələri vaxtında açılıb. Rusiyalı jurnalistlər 132-134 saylı məktəb kompleksindəki seçki məntəqəsində olub, seçici fəallığı barədə məlumat veriblər.
***
Rusiyanın NTV telekanalı da Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı süjet yayımlayıb. Telekanalın müxbiri Svetslav Qordin seçki kampaniyasının sakit keçdiyini, seçki ərəfəsində ciddi qanun pozuntularının qeydə alınmadığını bildirib.
***
Rusiyanın TASS informasiya agentliyi Azərbaycanda seçkilərin gedişi ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunur ki, Azərbaycandakı seçkiləri 40 beynəlxalq təşkilatın və 50-dən çox ölkənin nümayəndələri izləyib. Beynəlxalq müşahidəçilər səsvermənin yaxşı təşkil olunduğunu, demokratik mühitdə keçdiyini, seçici fəallığının yüksək olduğunu bildiriblər.
***
Rusiyanın “İnterfaks” və “RiaNovosti” informasiya agentlikləri də Azərbaycanda parlament seçkilərinin şəffaf keçirildiyi barədə yazılar dərc ediblər.
***
Azərbaycandakı seçki prosesinə Türkiyə mətbuatı da yüksək diqqət göstərib. Anadolu informasiya agentliyi seçki prosesi barədə hazırladığı materialda bir çox təşkilata istinad edib.
***
Həmçinin Türkiyə televiziyaları da seçkiyə geniş yer verib. TRT televiziyası seçki monitorinq koalisiyasının keçirdiyi mətbuat konfransı barədə də süjet hazırlayıb.
***
Türkiyənin “İhlas” xəbər agentliyi Azərbaycanda keçirilən parlament seçkilərindən yazıb. Agentlik səsvermə prosesi ilə bağlı seçicilərin fikirlərini öyrənib.






