“ZIRAAT BANK”DA NƏ BAŞ VERIR? - MAXİNASİYA, İNAMSIZLIQ

“ZIRAAT BANK”DA NƏ BAŞ VERIR? - MAXİNASİYA, İNAMSIZLIQ
 "Necə türk bankısız bilmirəm, amma filialınızda 1 türk lirəsi də ala bilmədim”.
Saytımızın araşdırmasına səbəb olan bu sözlər "Ziraat Bank Azərbaycan”ın Feysbuk səhifəsində bankın müştərisinin yazdığı şikayətdə yer alıb.
Bank ilə bağlı şikayətlər təkcə bununla kifayətlənmir. Həmin səhifədə apardığımız qısa axtarış zamanı məlum oldu ki, "Ziraat Bank Azərbaycan”ın müştərilərinin çox hissəsi bankdan narazıdır. Belə ki, müştərilər bankın ATM sayının azlığından və filiallarının yetərli olmamasından da şikayətlənirlər. Ən maraqlısı isə banka gələn müştərinin adi bir bank əməliyyatı üçün 35 dəqiqədən çox gözləməli olduğu faktıdır.
Bəlkə də bütün bu şikayətlərin əsas məğzini təşkil edən problemləri bankın hələ tam qüvvəsi ilə işə başlamaması və ya digər iqtisadi səbəblərlə əlaqələndirmək olardı. Amma araşdırmamızı davam etdirdikcə daha məyusedici və əsaslı boşluqlarla qarşılaşdıq.
2014-cü ilin dekabr ayında Mərkəzi Bankdan lisenziya almış və iki ildən artıqdır ki, yuxarıda qeyd etdiyimiz şikayətlər fonunda fəaliyyət göstərən "Ziraat Bank Azərbaycan”ın yaydığı illik və rüblük prudensial hesabatlarında yer alanları sizlərə təqdim edirik.
Bank, yoxsa valyuta dəyişmə məntəqəsi?
2017-ci ilin ikinci rübündə "Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 1 milyon 743 min manat olub. Bunun 1 milyon 469 min manatı xarici valyuta ticarəti üzrə gəlirlərdən əldə olunub. Digər rüblərə aid göstəricilərdə də eyni hal təkrarlanmaqdadır. Sual yaranır: Türkiyənin dünyaca məşhur "Ziraat Bank”ı, necə deyərlər, Azərbaycanda bank adı ilə valyuta dəyişmə məntəqəsimi açıb?
Hesabatda bankın 2016-cı ildə kənd təsərrüfatına 837 min manat kredit ayırdığı da göstərilir. Bu isə "Ziraat Bank Azərbaycan”ın kredit portfelinin heç 1,5 faizini də təşkil etmir. Məlumat üçün bildirək ki, "Ziraat” sözü Türkiyə türkcəsindən tərcümədə "kənd təsərrüfatı” deməkdir... Adına yaraşırmı?!
Bu ilin ikinci rübündə bankın aktivlərinin həcmi 154 milyon manat, kredit portfeli isə 65 milyon manat təşkil edib. Ən təəccüblü məqam ondan ibarətdir ki, bankın kreditlər üzrə məqsədli ehtiyatları cəmi 23 min manat təşkil etməkdədir. Maraqlıdır, görəsən, bu məhdud məbləğlə bank gözlənilməz risklərdən necə qorunmağı düşünür?
Daha bir mühüm məqam: dünya şöhrətli bir bankın Azərbaycandakı törəməsi sahib olduğu kredit portfelinin 88%-ini cəmi 14 borcalana verib. (2016-ci ilin yekun hesabatı – red.) Bu cür məhdud müştəri qrupu ilə çalışmaq axı nə Türkiyə, nə də Azərbaycan bankı üçün təqdir olunası bir hal deyil.
"Ziraat Bank Azərbaycan”ın rəsmi saytında yerləşdirilən hesabata görə, məcmu kapital rüblər üzrə dəyişsə də (50 milyon, 57 milyon, 60 milyon manat), məcmu kapitalın adekvatlıq əmsalı 10 faizdən nə aşağı olur, nə də yuxarı. Doğrudur, 10 faiz adekvatlıq əmsalı Mərkəzi Bank tərəfindən qoyulmuş normadır... Amma belə bir təsəvvür yaranır, sanki bank özü rəqəmləri elə tənzimləyir ki, 10 faizlik normadan aşağı düşməsin.
Bankın korporativ məsuliyyət nümunəsi
Göründüyü kimi, faktların yer aldığı hər bir hissə cavab tələb edir. Elə bu məqsədlə də açıqlama almaq üçün "Ziraat Bank Azərbaycan” ilə əlaqə saxladıq. Əvvəlcə Marketinq Departamentinin direktoru Zümrüd Hacıyeva ilə müsahibəyə dəvət edildik. Amma bankda bizə dedilər ki, həmin department direktoru hansısa vacib bir işinə görə işdə yoxdu. Və suallara bankın İdarə Heyətinin üzvü Vüqar Rəfiyevin cavab verə biləcəyini bildirdilər. Təəssüf ki, V.Rəfiyevdən də cavab ala bilmədik./axar.az

OXŞAR XƏBƏRLƏR