Bakının Baş Planı bir çox sirləri ortaya çıxarır
Kateqoriya məlum deyil
Metropoliten, avtobus özündən başqa tramvay və trolleybusun da “yükü”nü çəkir. Paytaxt getdikcə daha çox “yüklənir”, yükləndikcə problemləri artır və sosial infrastruktur tələblərə cavab vermir. Dünyanın bir çox iri şəhərlərinin kosmosdan görüntüləri müxtəlif sənət əsərini ortaya çıxarır. Məsələn, Braziliyanın paytaxtı Brazilia ən yaxşı planlanmış şəhərlərdən biridir. Yuxarıdan baxdığınızda bir quş, bir təyyarə, başqa bir rakursdan qalaya, eləcə də gözəl olan çox şeyə bənzətmək mümkündür. 41 ayda inşa edilən bu şəhərin açılışı keçən əsrin 60-cı ilində edilib. Əvvəlki paytaxt şəhər olan Rio-De-Janeyrodan fərqli daha mərkəzdə yerləşən Braziliada əhali sayı 2012-ci ilin statistikasında 4 milyon olub. Avstraliyanın paytaxtı Kanberranın layihəsi Amerikalı memar Walter Burley Griffin tərəfindən hazırlanıb. İki böyük şəhər - Sidney və Melbrun paytaxt olmaq yolunda sürətlə irəliləyirkən ortalarında yeni bir şəhər qurub, onu paytaxt etmək parlaq bir fikir idi. Şəhərin yaxından çəkilmiş görüntüsü həqiqətən də mükəmməlliyinin sübutudur. Renessans dövründə planlanmış İtaliyanın Palmanova şəhəri doqquzguşəli ulduz şəklindədir. Ölkənin Şimal-Şərqinin sərhədlərinə yaxın şəhərin qurulma məqsədi Osmanlılardan qorunmaq idi. Üç mühafizə olunan qapı, ulduzların hər ucunda bir-birinə bağlantı və təbii ki, səngər də unudulmadan planlanan şəhərdə ilk başlarda kimsə məskunlaşmaq istəməyib. Beləliklə, məhkumlara ev sahibliyi edən qala-şəhər indi mədəniyyət mirası olaraq turistlərə xidmət edir. 1792-ci ildə ABŞ-ın paytaxtı Vaşinqton olduğuna qərar verildiyində şəhərin planı Fransız əsilli memar Pierre Charles LEnfanta tapşırıldı. LEnfantın planı bəsit, amma ağıllıydı: şəhəri bölən iri bulvarlar, onların kəsişdikləri yerlərdə də böyük yaşıllıq ərazilər və alış-veriş mərkəzləri…
Bir-birindən gözəl çox şəhər sadalamaq olar. Təəssüf ki, bizim Bakının mərkəzini görüntülərdən çıxarıb sputniklə baxsanız, yerində hörümçək toru qalacaq. Adətən şəhər amfiteatrı çoxlu yaşıllıqları olan yüksəkliklər və parklar, əsas ansambllar və relyefin hündür nöqtələrindəki çoxmərtəbəli tikintilərlə vurğulanır. Bakının təbii amfiteatrı tədricən dənizə enən çıxıntılı çoxyaruslu terraslı kompozisiya şəklindədir. Amma şəhərimizə aşağıdan dəniz tərəfdən baxdığınızda bu görüntü çoxsaylı tikililərin arasında itib-batıb.
Paytaxt getdikcə daha çox “yüklənir”, yükləndikcə də problemləri artır və sosial infrastruktur tələblərə cavab vermir. Şəhərsalma proqnozu - şəhərsalma şəraitinin, iqtisadi, sosial, ekoloji, mühəndis-texniki vəziyyətin, istehsal, mühəndis (su, kanalizasiya, istilik, qaz, elektrik, kommunikasiya və s.) və nəqliyyat infrastrukturunun mövcud vəziyyətinin təhlili nəticəsində ərazilərin, şəhər və digər yaşayış məskənlərinin inkişaf etdirilməsini nəzərdə tutur. İllərdir “Bakının Baş Planı”ndan danışılır, amma ortaya çıxarılmırdı. Ən son bu sənəd haqqında 2014-cü ilin mayın 15-də məlumat verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, qurumun təşkilatçılığı ilə “Böyük Bakının Regional İnkişaf Planı” (BBRİP) layihəsinin təqdimatı və ictimai müzakirəsi keçirilib. Layihədə üç prinsipial inkişaf istiqamətinin müəyyən edildiyi bildirilib. Bunlardan birinci alternativ Məxsusi Bakı ərazisinin regenerasiyası, yarımadanın şimal (Sumqayıt) və cənub (Ələt) istiqamətində inkişaf etdirilməsi və yarımadanın şərq hissəsində inkişafın məhdudlaşdırılması ilə ətraf mühitin qorunması, ikinci alternativ Sumqayıt-Bakı-Mərdəkan yaşayış zolağı boyu inkişaf, Ələtin avtonom inkişaf mərkəzinə çevrilməsi yolu ilə tarazlı irəliləyiş, üçüncü alternativ isə Abşeron yarımadasının cənub sahili boyu fasiləsiz xətti və yarımadanın şimal-şərq sahilinin rekreasiya, turizm baxımından inkişaf etdirilməsidir. Bakı-Mərkəz, Ətraf, Şimal, Şərq və Cənub sahili olmaqla beş rayonun təklif olunduğu vurğulanıb, əlavə edilib ki, 2030-cu il üzrə hədəflər diversifikasiya olunmuş iqtisadiyyat, peşəkar işçi qüvvəsi, müasir, yüksək həyat səviyyəsi olmaqla tarazlı inkişafın əldə edilməsi, Böyük Bakının metropolisə namizəd olması baxımından planlaşdırılmasıdır. Layihəyə əsasən, şəhər kənarında təhsil müəssisələri üçün ərazilər nəzərdə tutulub.Təhsil sisteminə cavabdeh qurumlar tərəfindən hazırlanan konsepsiyaya uyğun olaraq ali təhsil müəssisələri həmin ərazilərdə yerləşdirilə bilər. O da vurğulanıb ki, Bakının mərkəzi, xüsusi ilə Nəsimi, Nizami və Yasamal rayonlarında mənzil sıxlığı böyükdür, gələcəkdə sadalanan ərazilərdə yaşayış binalarının tikintisini azaltmaq tövsiyə olunub. Eyni zamanda şəhərin mərkəzi hissəsində yaşayış yerlərinin tikintisini məhdudlaşdırmaq, abadlaşdırma, xüsusilə də yaşıllaşdırmanı artırmaq və şəhərin zəruri infrastrukturunu inkişaf etdirmək nəzərdə tutulub. Layihənin təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunması tövsiyə edilib. Bunlar planın “konturları”dır, amma hələ də planın özündən xəbər yoxdur. Üzünü görmədiyimiz plan 2030-cu ilədək dövrü hədəfləyir. Digər planın vaxtının 10 il bundan əvvəl bitdiyini nəzərə alsaq 25 illik bir zaman orada əksini tapmış olmalıdır.
“Bizim Yol” qəzeti əməkdaşının araşdırmasına görə qüvvədə olan Baş Plan komitənin web-saytında varmış. Əslində köhnəlmiş plan deyək. Çünki bu sənəd 2005-ci ilə qədər olan Bakının planlamasını nəzərdə tutub. Amma üstündən bir 10 il də keçməsinə baxmayaraq qüvvədədir. Deməli biz 10 il geridəyik. Bakının ilk perspektiv Baş Planının müəllifi 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon der Nonne olub. 1932-ci ildə paytaxtın ikinci Baş Planı hazırlanıb. 1964-cü ildə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. Bir qayda olaraq, şəhərsalma planı 20 il ərzində olan bir dövrü hədəfə alır, şəhərsalma proqnozu isə 30-40 il ola bilər. Bizdə Şəhərsalma və Tikinti Məcəlləsi də mövcuddur, lakin ondan nə qədər istifadə olunur, bu, ayrı mövzudur. Məcəllə ümumiləşmiş bir sənəddir və daha çox şəhərin tikinti sahəsində durumunu tənzimləməyə xidmət edir. Plan isə daha detallıdır. Lakin barəsində yazacağımız Bakının Baş Planının çox da detallı olmadığı görünür, yəni şəhərin konkret əraziləri, adları bəzi hallarda varsa da, daha çox ümumiləşdirilmiş məlumatlardır. Amma maraqlı məqamlar da yox deyil. Götürək paytaxtın ən aktual problemi olan “şəhər nəqliyyatı” bölməsini. Planda qeyd olunur ki, əhali artımı, şəhərin və Abşeron yarımadasının yeni periferiya rayonlarında mənzil tikintisinin inkişafı, avtomobil parkının artması əhali hərəkətliliyinin və sərnişin daşınması həcmlərinin böyüməsinə gətirir. Baş planla sərnişin daşınmanın ümumi həcmində elektrik nəqliyyatının xüsusi çəkisinin artırılması nəzərdə tutulur. 2005-ci il üçün elektrik nəqliyyatının xüsusi çəkisi mövcud mərhələdəki 45%-ə qarşı təxminən 70% təşkil edəcəkdi. Baş planla qəbul olunmuş ictimai nəqliyyat növləri üzrə daşınmaların xüsusi çəkisinin dinamikası da verilib:
| 1986-cı il | 2005-ci il | |
| Metropoliten | 20,7% | 40,0% |
| Tramvay | 5,3% | 6,0% |
| Trolleybus | 8,6% | 24,0% |
| Avtobus | 65,4% | 30,0% |
Göründüyü kimi sənd elektrik nəqliyyatının xüsusi çəkisini hesabat müddətində 01.01.1986-cı ildəki 34,6%-dən 70%-ə qaldırılmasını nəzərdə tutur. Metropolitendən istifadə 19.3% artmaqla paralel olaraq tramvay və trolleybuslar da bu yükü paylaşacaqdılar. Trolleybusdan istifadədə üç dəfəyə yaxın bir yüksəliş gözlənilirdi. Bu zaman avtobuslara tələbat iki dəfədən çox azalaraq 65.4%-dən 30%-ə düşəcəkdi. Tramvaydan istifadə də azalmayacaqdı, əksinə artacaqdı. Amma planlamada tramvay və trolleybusların dövriyyədən çıxarılması kimi bir niyyət olmayıb. Ona görə də proqnozlaşdırılan 30% yük də metro və avtobus nəqliyyatının üzərinə düşüb. Bu göstəricinin biz hələ 10 il bundan əvvələ hesablandığını düşünək. Şəhərin bütün yükü cəmi iki növ ictimai nəqliyyatın üzərindədir. Bununla yanaşı sənəddə ən mütərəqqi nəqliyyat olan metropolitenin payının kəskin artaraq uzunluğun 25,1 km-dən 52 km-ə çatacağı, stansiya sayının isə yekunda 2005-ci ilə 31 olaraq planlaşdırılıb. SSRİ Dövlət Plan Komitəsi ilə razılaşdırılmış və respublika Nazirlər Sovetinin 11.09.1981-ci il tarixli 913-37 nömrəli Qərarı ilə təsdiq olunmuş 1981-2000-ci illər üçün Bakı şəhəri və Abşeron yarımadasının bütün şəhər və xarici nəqliyyat növünün kompleks inkişaf sxemi ilə kütləvi ictimai nəqliyyat xətlərinin aşağıdakı ölçülərlə artırılması nəzərdə tutulmuşdu: metropoliten 52 km. (1986-cı ildəki 25,1-ə qarşı), trolleybus 230 km. (1986-cı ildəki 140-a qarşı), avtobus 400 km. (1986-cı ildəki 300-ə qarşı). Kütləvi ictimai nəqliyyat şəbəkəsinin sıxlığı hesabat müddətində 1986-cı ildəki 2,0 km/km2 -dən 3,0 km/km2 -dək artacaqdı. Bu gün paytaxtda metrostansiyaların sayı 23-dür, uzunluğunun isə Dərnəgül stansiyasının açılışı zamanı 32.9 km olduğu bildirilirdi. Göründüyü kimi hazırda Metropoliten də Baş Planda nəzərdə tutulan tələblərə cavab vermir. Elə trolleybus xətti də 230 km.-ə qədər uzadılmayıb, əksinə istifadədən çıxarılıb. Yeraltı stansiyaların sayı və yerüstü nəqliyyat plana uyğun inkişaf etdirilsəydi, şəhərdə indiki kimi sıxlıq yaşanmazdı. Planın indiyə qədər ortaya çıxmamasının səbəbləri bəlli olmağa başlayır.
Sənəddə hesabat müddəti üçün şəhərin avtomobil parkının 378 min vahidə çatacağı bildirilir. Bu ilin yanvar ayına olan məlumata görə ölkədə avtomobil sayı 1.3 milyondur, bunun da 60%-nin paytaxtın payına düşdüyü iddia edilir. Deməli, rəqəm 2005-ci il üçün proqnozlaşdırılandan iki dəfə də çoxdur. Bu gün Bakının köhnə planla “yaşaması” xoş olmayan sürprizlər ortaya çıxarır. Əslində Baş Plan hələ Qarabağ müharibəsindən sonra atəşkəs dövründə əhalinin məcburən köçürülməsi nəzərə alınaraq yenidən işlənməli idi. Bundan başqa regionlarda nəzərdə tutulan yetərli qədər iş yerlərinin açılmaması səbəbindən urbanizasiya da gözləniləndən çoxdur. Planda nəqliyyatın inkişafı və magistrallar sistemi, xüsusi olaraq magistral küçə-yol şəbəkəsi, xarici nəqliyyatın (dəmiryolu, dəniz, avtomobil və hava nəqliyyatı) 20 il ərzində dinamik inkişafı ayrıca göstərilir. Kanalizasiya sistemi, su, qaz, elektrik, istilik təchizatı, kommunikasiya, ətraf mühit, şəhərin planlaşdırılması və tikintisi, sənaye rayonlarının planlaşdırılması, magistral və yol sistemlərinin təkmilləşdirilməsi, səs-küylə mübarizədən tutmuş, aparılacaq tikinti işlərinin mərhələlərinədək bütün məsələlər qeyd olunub. Perspektiv dövr üçün sənayenin inkişafı əmək və maddi ehtiyatlar, istehsal qüvvələrinin daha dolğun və tam istifadəsini, fəaliyyətdə olan mövcud müəssisələrin tədricən yenidən qurulması, elm və texnikanın son nailiyyətlərinin tətbiq olunması, bunun əsasında əmək məhsuldarlığının artırılmasını nəzərdə tuturdu. Hesabat dövründə sənayenin iki dəfədən çox artacağı proqnozlaşdırılıb. Məşğulluq məsələləri də baş planda əsasdır. Amma təbii ki, sənaye və istehsal müəssisələrinin çoxunun özəlləşdirilməsi ilə fəaliyyət istiqamətlərinin dəyişməsi (obyektlərin çoxu kirayə verilib, ya da tikinti üçün istifadə olunub), əksəriyyətinin işini dayandırması və iş yerlərinin qapadılması da məşğulluq, dolayısıyla də digər problemlərə yol açan amillərdir...






