Dərslərdə telefonlar avtomatik səssiz rejimə keçəcək - VİDEO
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrantının iki layihəsi
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrand müsabiqəsinin qalibi olub.
Sfera.az aznews.az-a istinadən xəbər verir ki, UNEC-in menecment ixtisası üzrə təhsil
alan magistrantı Zülfüqar İsmayılzadənin təqdim etdiyi "SoSmart" və "Whatto" layihələrinin
reallaşdırılıması işləri universitetin İnnovativ Biznes İnkubatorunda görüləcək.
"SoSmart" layihəsi yerindən və vaxtından asılı olaraq telefonu avtomatik səssiz və ya titrəmə
rejimlərinə keçirən mobil tətbiqdir. "SoSmart"ın əsas xüsusiyyəti onun təhsil sisteminə tətbiq
olunmasından ibarətdir. Tələbə və şagirdlər təhsil müəssisələrində olduqda dərs cədvəlinə
uyğun olaraq telefonları avtomatik səssiz və ya titrəmə rejiminə keçəcək. Bunun üçün
istifadəçinin öncədən dərs cədvəlini mobil telefonuna yükləməsi lazımdır.
Bununla da telefon zəngi vasitəsilə tələbə və şagirdlərin dərs vaxtı diqqətinin yayınması
problemi aradan qaldırılacaq. "SoSmart"ın əsas texnolojı yeniliyi onun qeo-lokasiya
üzərindən mobil telefonu idarə etməsindən ibarətdir. Demək olar ki, bütün smartfonlarda
GPS funksiyası vardır. Mobil tətbiqdə məhz bu funksiyanın köməkliyi ilə yer təyin edilir.
Gələcəkdə tətbiqə yeni funksiyalar da əlavə ediləcək.
"Whatto" layihəsi isə istifadəçinin qarderobunu bir yerə toplayan və gündəlik geyimini təyin
edən mobil tətbiqdir. Proqram istifadəçiyə həftənin günləri, iş görüşləri, tədbirlər və hava
şəraitinə uyğun geyim formasını təqdim edəcək. Bunun üçün istifadəçi öncədən qarderobunda
olan geyimlərinin fotosunu çəkib proqrama daxil etməlidir. Mobil tətbiq geyimlərin rəngini
və görünüşüni də nəzərə alacaq.
Süni intellektə malik "Whatto" tətbiqi istifadəçiyə alış-verişi də asanlaşdıracaq. "Whatto"nun
məqsədi insanların hər gün səliqəli, gözəl görünməsinə yardım etməkdir.






