“Dostluq” kinoteatrının qiyməti iki dəfə ucuzlaşdı
"Dostluq” kinoteatrı satılmadığı üçün növbəti dəfə daha ucuz qiymətə hərraca çıxarılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, artıq uzun illərdir profili üzrə istifadə edilməyən kinoteatr özəlləşdirilməyə verilib. Kinoteatrı hərraca Mədəniyyət və Turizm Nazirliyi, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi təqdim edib.
Ucar şəhəri, Heydər Əliyev prospekti, 51 ünvanında yerləşən, ümumi faydalı sahəsi 696.3 kvadratmetr olan "Dostluq” kinoteatrı noyabrın 29-da auksiona çıxarılacaq. Xatırladaq ki, kinoteatr 29 avqust tarixində də özəlləşdirməyə təqdim edilmişdi.
Artıq ikinci dəfədir hərraca çıxarılan əmlakın qiyməti də təbii olaraq endirilib. Belə ki, ilk hərracda ilkin satış qiyməti 90.000 manat olan kinoteatr indi 50.000 manata təklif ediləcək.
Sfera.az






