BNA növbəti tənqidə də cavab tapdı: Sıxlıq var...
Son günlər Bakı Nəqliyyat Agentliyinə aid marşrut avtobuslarda ciddi ləngimələrlə bağlı şikayətlər artıb.
Sfera.az xəbər verir ki, xüsusilə 3 saylı marşrut avtobusunda interval bəzən 40 dəqiqəyə qədər çatır ki, bu da sözügedən istiqamətdə alternativ marşrut xətti olmadığından, işə gedən sərnişinlərin gecikməsinə, işdə problemlər yaşamasına gətirib çıxarır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev marşrut avtobuslarının ləngiməsinə səbəb kimi yollarda tıxacın olmasını göstərdi:
"3 nömrəli marşrut xəttinin gecikməsinə ümumi bir səbəb yoxdur. Böyük ehtimalla, avtobusun gecikməsinə səbəb yollardakı tıxacdır. Nəzərə alaq ki, bir neçə gündür hava yağıntılı keçir. Buna görə də yollarda daha çox sıxlıq yaşanır və avtobusların intervallarında gecikmələr olur”.
Əlbəttə, sıxlıq nəzərdə tutulan qrafikin pozulmasına səbəb ola bilər. Ancaq avtobuslar eyni xətt üzrə sıxlıq yaşanan eyni ərazidən keçirlərsə, aradakı interval niyə pozulmalıdır ki?
Qeyd edək ki, "Qarabağ”-"Roma” oyunundan sonra azarkeşlərin daşınması üçün vəd edilən avtobusların olmaması səbəbindən BNA ciddi qınaqla üzləşmişdi. BNA mətbuat katibi isə azarkeşləri qınayaraq, ayrılan avtobusları "görmədiyi” üçün günahı azarkeşlərin üstünə atmışdı ki, bu cavab da böyük əks-reaksiyalar yaratmışdı.






