“Azəravtoyol”dan çökmüş yolla bağlı - Məlumat
Azəravtoyol ASC-dən Sfera.az-a verilən məlumata görə, intensiv yağışlar nəticəsində bu gün səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib. Nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.
Araşdırma nəticəsində məlum olub ki, podratçı bir təşkilat yaxınlıqdakı yeni yaşayış binasına yeni kanalizasiya xətti çəkib. Daha sonra qazılmış hissəni torpaq və çınqılla doldurub. Lakin yağıntılar sona qədər yolun bərpası işlərini həyata keçirməyə imkan verməyib. Nəticədə qazılmış hissədə 15-20 sm dərinlikdə torpağın çökməsi baş verib. Bu isə öz növbəsində hərəkəti iflic edib.
ASC sözçüsü Anar Nəcəfli bildirib ki, işlərin onlar tərəfindən aparılmalı olduğu və yubadıldığı barədə deyilənlkər həqiqəti əks etdirmir:
"Mövcud qanunvericiliyə əsasən yolun bərpasını qazıntı aparan qurum və ya şirkət özü etməlidir. Bunu normal şəkildə etməyə imkanı yoxdursa, bu sahədə ixtisaslaşmış dövlət qurumu olan Azəravtoyol ASC ilə bununla bağlı müqavilə imzalanmalı, rəsmi ödəniş olunmalı və yalnız bundan sonra bizim tərəfimizdən bərpa işləri aparıla bilər. Lakin bununla bağlı həmin podratçı şirkət bizimlə heç bir müqavilə imzalamayıb. Belə olan halda isə həmin təşkilat yolun bərpasını özü həyata keçirməyə borcludur”.
Sfera.az






