İlham Əliyev Şamaxıda açılış etdi
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, yolun uzunluğu 8 kilometrdir. Pirqulu-Dəmirçi avtomobil yolu uzun müddət təmir olunmadığı, həmçinin burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin xüsusən payız-qış mövsümündə hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 92 yol nişanı quraşdırılıb, 24 min metr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 3 yerdə avtobus dayanacağı tikilib.
Pirqulu-Dəmirçi avtomobil yolunun tikintisi dövlət başçısının tapşırıqlarına əsasən Azəravtoyol ASC tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Şamaxı rayonunda dağlıq ərazidə yerləşən bu avtomobil yolunun tikintisi 1,6 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdıracaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Sfera.az






