Sürücülərə xəbərdarlıq: Bakıda təhlükəli vəziyyət…
Belə çiskin asfalt üstündəki tozu isladır və çox sürüşkən bir təbəqə əmələ gəlir. Bu təbəqənin sürüşkənliyi bəzən qardakı kimi ola bilər. Ona görə, sürücülər, diqqətli olsun.
Sfera.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə vasitəsilə sürücülərə müraciət edib. Ekspert bildirib ki, bu gün müşahidə edilən hava ilə əlaqədar artıq 1 saat içində 4 yol-nəqliyyat hadisəsi baş verib:
"Hörmətli sürücülər, Bakıya yağış yağmaq istəyir, amma hələ ki, gur yağıntı yoxdur. Əksər yerlərdə sadəcə yolun səthi islanıb. Bu vəziyyət çox ciddi bir təhlükəni gizlədir. Uzun müddət quraqlıqdan sonra belə çiskin asfalt üstündəki tozu isladır və çox sürüşkən bir təbəqə əmələ gəlir. Bu təbəqənin sürüşkənliyi bəzən qardakı kimi ola bilər. Nə qədər ki, gur yağış yağıb o sürüşkən təbəqəni yoldan yumayıb, diqqətli olun, sərt manevr etməyin, sürəti aşağı salın, ara məsafəsini bir az da artırın”.
Ekspertin sözlərinə görə, belə havada qəzalar qaçılmaz olur:
"Günortayadək təxminən 1 saat müddətində şəhərin küçələri ilə hərəkət etmişəm. 4 dənə yol-nəqliyyat hadisəsi gördüm. İkisi Ziya Bünyadov prospektində idi. Şükür ki, hamısı sadəcə maddi ziyanlı qəzalar idi. Dördündə də arxadan vurulma gördüm”.
Sfera.az






