Xəzər dənizi məhv olur? – Araşdırma
Qlobal istiləşmənin hazırkı dərəcəsi ilə Xəzər dənizinin Rusiya sahilləri 75 il ərzində məhv olacaq.
ABŞ, Fransa və Rusiya alimlərinin apardığı tədqiqatların nəticələri "Geophysical Research Letters” jurnalında dərc olunub.
1996-cı ildən 2015-ci ilə qədər aparılan tədqiqatlara görə, elm adamları Xəzər dənizinin səviyyəsinin hər il 7 santimetr azaldığını bildiriblər. Bu müddət ərzində Xəzər dənizində su səviyyəsi göstəricisi təxminən 1.4 metr aşağı düşərək 1970-ci ilin sonunda qeydə alınan tarixin ən minimal göstəricisindən (dəniz səviyyəsindən 29 metr aşağı) cəmi 1 metr yüksək olub.
Ekspertlər Xəzər dənizindəki su səviyyəsinin daha da azalacağını proqnozlaşdırırlar. Azalma prosesi ən az dərinliyin 5 metrə bərabər olduğu Şimal hissəsində - Rusiya və Qazaxıstan sahillərində baş verəcək. Mövcud istiləşmə tempinin saxlanacağı təqdirdə gölün həmin hissəsinin quruması təxminən 75 il çəkəcək.
Rezervuarın qurumasına səbəb atmosferin səthə yaxın təbəqəsində temperaturun qlobal istiləşmə səbəbindən (son otuz il ərzində təxminən bir dərəcə Selsi) artmasıdır.
Ekspertlər bu qənaətə "GRACE” peyklərinin və 4 yerüstü stansiyanın (xəritədə qırmızı nöqtə şəklində göstərilib) səth müşahidələrinin nəticələrini təhlil etməklə gəliblər.
Qeyd edək ki, Xəzər dənizi Avropa və Asiya arasında yerləşən, 5 ölkənin çıxışı olan dünyanın ən böyük gölüdür. Göl 371 min kvadrat kilometr ərazini əhatə edir. Neft, qaz və duz ehtiyatları ilə yanaşı, dünyanın nərə balığı ehtiyatının təxminən 90 faizi bu ərazidə cəmləşib.
Sfera.az






