Füzuli Rayon İcra Hakimiyyətindən təkzib: "Yayılan məlumatların hamısı yalandır..."
Kateqoriya məlum deyil
Ermənistan ordusunun təxribatı nəticəsində Füzulinin Alxanlı kəndində şəhid olan 18 aylıq Zəhranın ailəsi adıçəkilən rayonun İcra Hakimiyyəti tərəfindən aldadıldığını bildirilib. Ailənin iddiasına görə, rayon İcra Hakimiyyətinin "Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Bu barədə Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktubda deyilir.
Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.

Sfera.az-ın əməkdaşı məsələni tam aydınlaşdırmaq üçün Füzuli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Ümumi Şöbənin müdiri Bayram Niftəliyev Sfera.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu deyib:
"Bilirsiniz ki, Zəhranın və onun nənəsinin 40 mərasimi yeni çıxıb. Bu ailənin acısı hələ təzədir. Ailənin adından Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Ölkə rəhbərliyinə müraciət edib. Müraciətlə əlaqədar Zəhranın ailəsinin yanında olmuşuq, onun atası Elnur və anası Nərmin xanımla söhbət olunub. Onlarda bildiriblər ki, "müraciətdən xəbərimiz yoxdur. Biz məktuba qol çəkməmişik. Zəhranın acısı hlə ötməyib, biz mülk və ya maddiyyat arxasınca qaçacaq durumda deyilik". Sırf məsələnin mahiyyəti də budur. Yayılan məlumatların hamısı yalandır, yəni olunmayan söhbətlərdir. İcra başçısı və ya Qənimət Əliyev Zəhranın ailəsinə ev verilməsini niyə istəməsin ki? Başçının göstərişinə əsasən Zəhranın valideynləri işlə təmin olunub və hazırda işləyirlər. Zəhranın və nənəsinin yas mərasiminin və qəbrüstü abidəsinin götürülməsinin bütün xərclərini İcra Hakimiyyəti öz üzərinə götürüb. Bunlar hamısı bizim mənəvi borcumuzdur. Sensasiya xətrinə bu cür xəbərlər yazmaq və ya şou yaratmaq doğru deyil".
Gülnarə Eynullaqızı
Sfera.az






