Millət vəkilindən partlayışla bağlı - Çağırış
Ötən gün Bakı-Quba yolu yaxınlığında N saylı hərbi hissədə silah anbarındakı partlayışla bağlı millət vəkili Aydın Mirzəzadə mediaya çağırış edib.
Sfera.az xəbər verir ki, millət vəkili sosial şəbəkə hesabında bu partlayışın bütün Azərbaycanda narahatlıq yaratdığını vurğulayıb.
"Dövlətimizin operativ reaksiyası və görülən tədbirlər nəticəsində problemi tez bir zamanda aradan qaldırmaq mümkün oldu. Ancaq bununla belə, artıq ayrı-ayrı saytlarda və bəzi sosial şəbəkə istifadəçilərinin səhifələrində hadisə ilə bağlı özlərinin topladığı şəkillər, təfsilatlı açıqlamalar verilir”, - millət vəkili qeyd edib.
A.Mirzəzadə hər kəsi belə özfəaliyyəti təcili dayandırmağa, belə xəbərləri silməyə və rəsmi xəbərlərdən kənar informasiya yaymamağa çağırıb:
"Ehtiyatsız verilən xəbər və ya şəkil düşmən Ermənistan üçün qiymətli tapıntıdır, onun sosial şəbəkələrimizi izləyən orqanları kimlərinsə şöhrətpərəstliyindən asanlıqla istfadə edə bilər.
Dostlar! Dövlət üçün məsuliyyətli olun, düşmənə fürsət verib hərbi sirlərimizi yaymayın”.
Sfera.az






