“Münsifləri başa salın ki, ifanı bəyəndikdə, “knopka”nı bassınlar”
Noyabrın 13-dən etibarən AzTv-də “Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) yarışması start götürüb
Sfera.az Gün.Az-a istinadən xəbər verir ki, münsif kürsüsündə xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva və Manananın əyləşdiyi yarışmada tamaşaçılar qarşısına 11 iştirakçı çıxıb.
Onların ifasından sonra isə oyunun növbəti mərhələsinə 8 iştirakçı – Emiliya Yaqubova, Şamil Məmmədov, Nərmin Kərimbəyova, Paulina Dmitrenko, Samirə Əfəndiyeva, Ülviyyə Salayeva, Vlada Axundova və Ozan Əhmədov keçib.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, yarışma tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Diqqət çəkən məqam odur ki, layihəyə qatılan iştirakçılar deyil, münsiflər kürsüsündə əyləşən sənətçilər qınaq obyektinə tuş gəliblər.
Sosial şəbəkələrdə, həmçinin yarışmanın rəsmi “Facebook” səhifəsində irad xarakterli fikirlər səsləndirilib. Hər kəs yarışma ilə bağlı qızğın müzakirələr aparır, münsifləri yarışmada özlərini süni aparmaqda, hətta layihəyə tamamilə yad yanaşmada ittiham edirlər.
“Münsiflər maraqsızdır. Mübariz Tağıyevlə Faiq bir-biri ilə danışmır. Bu açıq-aydın hiss olunur”, “Münsifləri başa salın ki, ifanı bəyəndikdə, “knopka”nı bassınlar”, “Münsiflər yerinə düşməyən hərəkətlər edirlər. Yarışmaya baxanda bilmirsən “Səs Azərbaycan”dır, yoxsa İngiltərə...”, “Yarışmada çox gözəl səslər var, hamısı bir-birindən gözəldir. Amma münsiflər xoşuma gəlmədi. Düşünürəm ki, Mübariz Tağıyevin yerinə Sevda Yahyayeva, Tünzalə Ağayevanın yerinə isə Samira və ya Nigar Camal olsa, daha yaxşı olardı” – deyə, tamaşaçılar öz iradlarını dilə gətiriblər.
Aparılan qızğın diskussiyanın daha çox obyektinə çevrilən xalq artisi Mübariz Tağıyev iradlarla qismən razılaşır.
Sənətçi Gün.Az-a açıqlamasında tamaşaçıların onları tənqid atəşinə tutmasının hələ çox tez olduğu qənaətindədir:
“Yarışma yalnız bir dəfə efirə çıxıb. Ona görə də münsiflərlə bağlı nəsə demək hələ tezdir. Çünki hələ ki, seçim gedir. Biz münsiflər bütün fikrimizi bir yerə cəmləmişik ki, görək, ifaçılar nə oxuyurlar. Hələ müəyyən etməyə çalışırıq ki, yarışmada kimlər qalacaq. Əlbəttə müxtəlif fikirlər olacaq, bu qaçılmazdır. Kiyevin, Moskvanın, Türkiyənin analoji verilişlərinə baxa-baxa müəyyən fikirlər yaranır ki, onlarda niyə belədir, bizdə isə başqa cürdür?! Bundan sonra fikirlər çox olacaq. İş ondadır ki, yarışma yeni başlayıb. Nəsə fikir söyləmək zənnimcə tezdir. Münsiflərlə bağlı fikirləri musiqiçilər söyləyirsə, bunu qəbul etmək olar. Düzdür, adi tamaşaçı rəyi də önəmlidir. Bilirsiniz, iş zamanı bəzən gərginlik həddini aşır. Eyni vaxtda iştirakçını seçirsən və düşünürsən ki o, mənə lazımdır, ya yox? İki-üç verilişdən sonra hər şey qaydasına düşəcək”.
Maraqlıdır, görəsən bu müsabiqəyə münsiflər heyəti hansı prinsiplər əsasında seçilib?
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTv) mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Gün.Az-a açıqlamasında bildirib ki, münsiflər heyəti sözügedən beynəlxalq layihənin şərtlərinə əsaslanaraq seçilib:
“The voice” yarışmasında qayda belədir ki, orada bir nəfər yaşlı nəslin nümayəndəsi, digərləri isə estrada, pop, caz janrında oxuyan müğənnilər olmalıdır. Bu, bütün dünya praktikasında belədir. Biz münsifləri seçdik, daha sonra onların adlarını layihəni həyata keçirən beynəlxalq şirkətə göndərdik. Onlar hər 4 sənətçi ilə bağlı internetdə müfəssəl məlumat əldə etdikdən sonra, onarın yarışmada münsif üzvü kimi çıxışlarını təsdiqlədilər. Yəni münsif seçimi şirkətin qaydalarına uyğun şəkildə aparılıb”.






