Deputatdan eks-deputata cavab: "Kimin kim olduğunu hamı yaxşı bilir"
DİN-in "Gelandewagen”lə törədilən qəza ilə bağlı açıqlamasına rəğmən, millət vəkili Astan Şahverdiyevin "Nail Allahverdiyev hadisə zamanı evdə olub” sözləri sosial mediada ciddi müzakirə mövzusuna çevrilib. Eks-deputat Etibat Hüseynov isə Astan Şahverdiyevin səsləndirdiyi fikrə biganə qalmayıb. Bir müddət öncə Rusiyada yaşayan vətəndaşlarımızın ünvanına "otxod” sözünü işlədən deputatın ünvanına sərt sözlər səsləndirib.
Etibar Hüseynovun Şahverdiyevin barəsində yazdığı statusu olduğu kimi təqdim edirik:
"Deməli, iki nəfər heç bir günahı olmayan insan ölüb, ikisi ağır yaralıdır (həkimlərin rəyinə görə, ən yaxşı halda ömürlük əlil qalacaq), DİN açıqlama yayıb, sükan arxasında Nail Allahverdiyevin olduğunu təsdiq edib; Astan Şahverdiyev də deyir ki, bəs Nail evdə olub, şahidlər var, onun hadisəyə heç bir aidiyyatı yoxdur. Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib”.
Deputat Astan Şahverdiyev də eks-deputatı cavabsız qoymayıb.
A.Şahverdiyev Sfera.az-a açıqlamasında söyləyib ki, kimin kim olduğunu hamı yaxşı bilir:
"Bu haqda heç nə danışmaq istəmirəm. Mən öz sözümü demişəm, artıq nəsə deməyə ehtiyac yoxdur. Kim nə deyir desin. Kimin kim olduğunu hamı yaxşı bilir və tanıyır".
Gülnarə Eynullaqızı
Sfera.az






