Nazirlik 15 gün ərzində 33 minlik cərimə yazıb
15 gün ərzində təbiətə qarşı kobud münasibətə görə 173 akt tətbiq olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, 16-31 iyul tarixlərində Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 173 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 41 müddətli "məcburi göstəriş” verilib.
Ümumilikdə, 48 iş üzrə 32810 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 14933,3 manat məbləğində iddia qaldırılıb. Həmçinin ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 178 iş üzrə 25430,29 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 27, icra qurumlarına və məhkəmələrə isə 6 iş göndərilib.






