Metronun bu stansiyası təmirə bağlandı
Avqust ayından metronun "Bakmil" stansiyası təmir ediləcək.
Bakı Metropolitenindən Sfera.az-a verilən məlumata görə, metronun yeganə yerüstü stansiyası olan "Bakmil" açıq hava şəraitində uzunmüddətli istismar nəticəsində atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalıb. Bu səbəbdən stansiya platformasının möhkəmləndirilməsi, fasad üzlüyünün, divar və döşəmə örtüyünün yenilənməsi, qapı və pəncərələrinin dəyişdirilməsi zərurəti yaranıb.
Təmir işlərinin aparıldığı müddət ərzində sərnişinlər stansiyadan istifadə edə biləcəklər. Stansiyanın xidmətindən istifadə edən sərnişinlərin təhlükəsizliyi və rahatlığını maksimum təmin etmək məqsədilə stansiyanın yenidən qurulması əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun yerinə yetiriləcək.
Yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiya sərnişinləri ikinci mərtəbəsindən qəbul edərək yola salacaq. Aşağı mərtəbə isə xidmət heyəti üçün nəzərdə tutulacaq.
Qeyd edək ki, 38 ildir istifadədə olan "Bakmil" stansiyasının yenidənqurma tədbirlərinin 2018-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulub.






