Eks-deputat danışdı: Sürət Hüseynovun səsləndirdiyi fikri əsassız hesab edirəm
Azərbaycanın sabiq Baş naziri, hərbi dövlət çevrilişində təqsirli bilinən keçmiş korpus komandiri Sürət Hüseynov xəbər portallarının birinə müsahibə verib. O müsahibəsində, "Vaxtilə Qarabağı ermənilərdən alırdım, nə qədər torpaqları azad etmişdim, AXC-Müsavat imkan vermədi, məni qısqandılar", - deyə fikir səsləndirib.

Hazırda Rusiyada yaşayan qiyamçı Sürət Hüseynovun sosial şəbəkələrdə aktivləşməsinin "Rusiyanın işi” olmasına dair iddialara Sfera.az-ın vasitəsilə münasibət bildirən eks-deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı söyləyib ki, bu tip səslənən fikirləri əsassız hesab edir.
Onun sözlərinə görə, bu, real əsası olmayan söhbətlərdir:
"Bu gün eks-prezident, eks baş nazirlərdən kimi dindirirsənsə, hamısı deyir ki, "mən münaqişəni həll edirdim, başqaları mane oldu". Köhnə hadisələr artıq ötüb keçib. Sürət Hüseynovun o vaxt müəyyən gücü və təşkilatı var idi. Amma təəssüf ki, ondan düzgün istifadə etmədi. Qarabağ yaddan çıxdı, həmin hərbi hissələri daxili münaqişələrə sövq etdi. İndi sözdü deyir də, ona nə deyək?!"
Gülnarə Eynullaqızı
Sfera.az






