İsveçrə bu qatarları Azərbaycana satmaq istəyir
İsveçrənin qatar istehsal edən şirkəti sata bilmədiyi qatarlar üçün Azərbaycanda alıcı axtarır. Şirkət ümidini Azərbaycan və Gürcüstana bağlayıb.
Sfera.az xəbər verir ki, "Stadler” şirkətinin Belarusdakı nümayəndəliyi Rusiyanın "Aeroekspress” şirkətinə sata bilmədiyi 4 qatar üçün Gürcüstan və Azərbaycanda yeni alıcılar axtarır.
Məlumata görə, Rusiya rublunun dəyərdən düşməsi "Aeroekspress”in sifarişini azaltmağa vadar edib. Şirkət tərəfindən "Aeroekspress”ə 11 ədəd ikimərtəbəli qatar tədarük edilib.
Şirkətin direktoru qeyd edib ki, qatar 44 vaqon olmaqla, 4 və 6 vaqon heyətindən ibarətdir:
"Qatar Rusiyada artıq sertifikasiyadan keçib. Daha 4 ədədi isə Fanipolda zavodda qalıb. Hazırda onlar üçün alıcı axtarırıq. Ümid edirik ki, qatarlar Azərbaycan və ya Gürcüstanın diqqətini çəkəcək. Çünki bu ölkələrdə qeyd edilən nəqliyyat vasitələrinin xüsusiyyətlərinə bənzər ikimərtəbəli qatarlar istismar olunur”.






